close

Bankomata silahlı hücumda ittiham olunan şəxsə ömürlük iş verildi

Foto: Meydan TV

Təqsirləndirilən şəxslərdən yalnız Dəyanət Qüdrətov özünü qismən təqsirli bilir

Bakının Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum və nəticədə girişdə “Unibank”ın bankomatına pul yükləyən Rüfət Həşimovun qətlə yetirilməsi, daha bir nəfərin yaralanmasıyla bağlı məhkəmə prosesi yekunlaşıb. Bu cinayətdə təqsirləndirilən 6 nəfərə iyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Hakim Azad Məcidovun sədrliyilə çıxarılan hökmə əsasən, cinayəti törətməkdə ittiham olunan Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslərdən Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov isə 18 il 6 ay azadlıqdan məhrum edilib. Onlar cinayətin təşkilində iştirakçılıqda ittiham olunurlar.

Cinayəti törətməkdə təqsirləndirilən Ruhlan İsmayılov elə hadisə günü axşam saatlarında saxlanılarkən öldürülüb. Lakin onun atası Rövşən İsmayılov və dayısı Babək İsgəndərov bu cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Onlara qanunsuz silah ittihamı verilib. İddia olunur ki, onlar Ruhlana silah verib. Lakin söhbət cinayətdə istifadə olunmuş silahdan getmir.

Onlar məhkəmədə bildirib ki, sözügedən silah babalarından qalıb və Ruhlan da həmin silahı təmizlətdirib, düzəltdirməliydi.

Hökmə əsasən, Rövşən İsmayılov 5 il, Babək İsgəndərov isə 3 il yarım azadlıqdan məhrum edilib. Onlar məhkəmə dövründə həbsdə olmadıqlarına görə hökmün elanından sonra zalda həbs olunublar.

Təqsirləndirilən şəxslərdən yalnız Dəyanət Qüdrətov özünü qismən təqsirli bilir. Digərləri isə bu cinayətdə iştirakları olmadığını deyirlər.

Dəyanət Qüdrətov son sözündə bildirib ki, hadisə yerində olsa da, heç kimi vurmayıb, yalnız havaya atəş açıb. Onun sözlərinə görə, kamera görüntülərindən də görünür ki, adamlara Ruhlan İsmayılov atəş açıb.

Digər təqsirləndirilən şəxslərdən Azər Məmmədov məhkəmədən son söz üçün vaxt istəsə də, hakim Azad Məcidov razılaşmayıb. O, müttəhimdən çıxış etməsini tələb edib: “Yoxsa son sözdən imtina kimi qəbul edəcəyik”.

Bundan sonra Azər Məmmədov qısaca hakimdən ədalətli qərar istəyib.

Təqsirləndirilən İbrahim İbrahimov və Səbuhi Qurbanov bildirib ki, Ruhlanla tanışlıqları onları gətirib bura çıxarıb. Onlar vurğulayıb ki, cinayətdə iştirak etməyiblər.

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12.00 radələrində baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şeydayev isə ağır xəsarət alıb.

Təqsirləndirilən şəxslərdən Ruhlan İsmayılov həmin gün axşam saat 21.00 radələrində Fəvvarələr meydanına yaxın mənzillərdən birində öldürülüb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında iddia olunur ki, o, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib:

Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb”.

Ana səhifəXəbərlərBankomata silahlı hücumda ittiham olunan şəxsə ömürlük iş verildi