close

ABŞ-ın neft ehtiyatı kritik həddə

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Dünya bazarlarında neftin qiyməti artır

Dünya bazarlarında neftin qiyməti yüksəlib. Bu günlərdə bir bareli 100 dollara yaxınlaşır.
Səbəb ABŞ-ın əsas anbarlarındakı ehtiyatın kritik səviyyəyə düşməsidir.

“West Texas Intermediate” nefti sentyabrın 27-də 3,6 faiz sıçrayışdan sonra bir barel üçün 95 dolları ötüb.

“Bloomberg” yazır  ki, bu, son bir ildən çox müddətin ən yüksək qiymətidir.
Sentyabrın 27-nə olan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,96 dollar artaraq 94,92 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,95 dollar bahalaşaraq 91,34 dollar təşkil edib.

ABŞ-a gəlincə, Oklahoma ştatındakı ehtiyatlar 22 milyon bareldən aşağı düşüb. Bu da 2022-ci ilin iyulundan bəri olan ən aşağı göstəricidir.

Sentyabrın 27-də açıqlanan rəsmi məlumatlara görə, ABŞ-ın ümumi xam neft ehtiyatları gözləniləndən çox azalıb.

Mütəxəssislər bunun səbəbini Səudiyyə Ərəbistanı və Rusiyadan tədarükün kəsilməsi ilə izah edir. Onların fikrincə, bu, bazarı böyük sürətlə sıxışdırır.

Sentyabrın əvvəlində OPEC dördüncü rübdə gündəlik 3 milyon barrel xam neft kəsiri proqnozlaşdırıb.

Nəticədə, ABŞ və Çində tələbin dayanıqlı və yüksək olması, həmçinin, dolların yüksəlməsi bazarda qlobal faiz dərəcələri ilə bağlı narahatlıq yaradıb. Bu da yaxın zamanlarda neft bazarlarında 100 dollarlıq həddi qaçılmaz edir.

Azərbaycan neftinin 1 bareli üzrə qiymət sentyabrın 26-na baxanda 0.29 dollar (0.29 faiz) artıb. Bareli 99.35 ABŞ dollar olub.

Ən son sentyabrın 15-də yerli neftin bareli 100 dolları ötüb və 100,53 dollara təklif edilib.

2024-cü ilin icmal büdcələrinin ilkin göstəricilərinə dair məlumatda dövlət büdcəsinə Azərbaycan Dövlət Neft Fondundan (ADNF) transfertin məbləği 12 milyard 781 milyon manat göstərilib.

Bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.9 faiz çoxdur.

2024-cü ildə ARDNF-dən transfert proqnozlaşdırılan büdcə gəlirlərinin hardasa 37.9 faizidir.

Müstəqil iqtisadçılar daim açıqlamalarında bildirirlər ki, Azərbaycan dövlət büdcəsinin neftdən asılılığı bəyan ediləndən daha yüksəkdir. Onların fikrincə, qeyri-neft sektoru kimi təqdim edilən sahənin özü də dolayı yolla neft sektorundan asılıdır.

Gələn ilin büdcəsində neftin 1 bareli 60 dollar həddində müəyyən edilib. Bu, 2023-cü ilin proqnoz göstəricisi ilə eynidir.

Ana səhifəİqtisadiyyatABŞ-ın neft ehtiyatı kritik həddə