close

Rusiya Dövlət Dumasından “DQR”-in ləğvinə reaksiya: “Müsbət qərardır”

Viktor Vodolatski. Foto: Vahid Rusiya Partiyasının saytından

“Erməni sakinlərin Qarabağı tərk etməsi Paşinyanın seçimidir, erməni xalqının deyil…”

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və vətəndaşlarla əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski separatçı “Dağlıq Qarabağ Respublikası“nın (DQR) ləğvini müsbət qiymətləndirib.

O, bu barədə “lenta.ru”ya danışıb.

Deputat deyib ki, qərar hərbi əməliyyatların dayandırılması baxımından müsbətdir:

Bununla belə, Dağlıq Qarabağı tərk etməyə məcbur olan sakinlərin taleyindən təəssüflənirəm. Ermənistan və onun lideri Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ona görə də indi çox uzun müddət mövcud olan respublikanın ləğvi prosesi gedir. Bu üzdən də erməni əhali ərazini tərk edir və çox güman ki, onlar Ermənistanda, o cümlədən Rusiyada yaşayacaqlar. Azərbaycan bu ərazidə qalacaq insanların normal yaşaması üçün şərait yaradacaq. Çünki ora beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisidir”.

Vodolatski onu da bildirib ki, Rusiyanın bölgədə yerləşən sülhməramlı kontingenti böyük ehtimalla əhəmiyyətsiz olacaq:

Lakin buna Rusiya, Azərbaycan və Ermənistanın, yəni hər üç dövlətin rəhbərləri qərar verəcəklər, çünki bu qərarı onların üçü verib“.

O, eyni zamanda, qeyd edib ki, belə bir nəticəni xalqın xeyrinə adlandırmaq olmaz:

Əsas etibarilə, Qarabağ artıq mübahisə obyekti olmayacaq. Amma bütün bu illər ərzində Ermənistan və Azərbaycan arasında münaqişə ocağı olub. İndi öz doğma yurdlarını tərk edən, ata-babalarının məzarlarının qaldığı o insanlara yazıqdır. Bu, Paşinyanın seçimidir, lakin erməni xalqının seçimi deyil“.

Rusiyanin mövqeyinə gəlincə, deputat vurğulayıb ki, Moskvanın prioriteti regionda hərbi əməliyyatları dayandırmaqdır:

“Rusiya üçün əsas odur ki, silahlı münaqişələr, toqquşmalar olmasın, dinc sakinlər ölməsin. Cənubi Qafqazda sabitliyin elementi Rusiya üçün vacibdir ki, qarşıdurma olmasın və ən əsası hərbi əməliyyat olmasın”.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) “Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətRusiya Dövlət Dumasından “DQR”-in ləğvinə reaksiya: “Müsbət qərardır”