close

ABŞ-ın Ukraynaya tərkibində tükənmiş uran olan silahlar göndərəcəyi bildirilir

Ukrayna, Donetsk. Mənbə: Reuters

Bu silahların müasir tankları məhv etmək üçün istifadə olunduğu deyilir

ABŞ-ın Ukraynaya ilk dəfə olaraq tərkibində tükənmiş uran olan zirehdağıdıcı hərbi sursat verəcəyi bildirilir.

Bu barədə “Reuters” Agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata görə, tərkibində tükənmiş uran olan zirehdağıdıcı hərbi sursat gələn həftə Ukraynaya veriləcək yeni hərbi yardım paketinin bir hissəsidir.

Sursat ABŞ-ın “Abrams” tanklarından istifadə oluna bilər.

Yardım paketinin dəyərinin tərkibindən asılı olaraq 240-375 milyon dollar arasında dəyişəcəyi bildirilir.

ABŞ Prezident Administrasiyasının Ukrayna Silahlı Qüvvələrinə Amerikanın “Abrams” tankları üçün tükənmiş uran mərmilərinin tədarükünə razılıq verə biləcəyi faktı 2023-cü ilin iyununda “The Wall Street Journal”da dərc edilmişdi.

Mart ayında isə Böyük Britaniyanın Müdafiə Nazirliyi “Challenger-2” tankları ilə birlikdə tərkibində tükənmiş uran olan zirehli deşici mərmiləri Ukraynaya göndərəcəyini açıqlamışdı.

Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin: “Kollektiv Qərb artıq nüvə komponenti olan silahlardan istifadə etməyə başlayır”, – demişdi.

O, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini bəyan etmişdi.

Cavabında isə Britaniya hakimiyyəti Putini “qəsdən dezinformasiya yaymaq”da ittiham etmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə  tükənmiş uran mərmilərinin təkcə hədəfə alınanları öldürmədiyini, həm də silahdan istifadə edənlərə və döyüş bölgələrində yaşayan mülki şəxslərə çox böyük ziyan vurduğunu söyləmişdi.

Zaxarova bildirmişdi ki, 1999-cu ildə NATO hərbi alyansı tərəfindən bu cür sursatlardan istifadə edildikdən sonra Yuqoslaviyada xərçəng xəstələrinin sayı kəskin artıb.

İnternet resurslarındakı məlumatalara görə, tükənmiş uran – nüvə reaktorlarında və ya nüvə silahlarında istifadə üçün uranın zənginləşdirilməsi zamanı qalan sıx əlavə məhsuldur.

Tükənmiş uran yüksək temperatur və təzyiqlərdə öz-özünə alışdığı və zireh örtüyünə nüfuz etdikcə daha kəskinləşdiyi üçün silahlarda istifadə olunur.

ABŞ, İngiltərə, Rusiya, Çin, Fransa və Pakistan nüvə silahı kimi təsnif edilməyən uran silahları istehsal edir.

ABŞ və Britaniya kimi dövlətlər tükənmiş uranın müasir tankı məhv etmək üçün yaxşı vasitə olduğunu bildirir.

Ana səhifəXəbərlərABŞ-ın Ukraynaya tərkibində tükənmiş uran olan silahlar göndərəcəyi bildirilir