close

Rusiya, Belarus və İran səfirləri Nobel mərasiminə buraxılmayacaq

Nobel mükafatı, foto: Nobel.org

Onlara göndərilən dəvətnamələr geri götürülüb

Stokholmda keçiriləcək “Nobel həftəsi” mükafatlandırma mərasiminə Rusiya, Belarus və İran səfirləri buraxılmayacaqlar.

Bununla bağlı Nobel Fondu açıqlama yayıb.

Məlumatda deyilir ki, Fond Rusiya, Belarus və İran səfirlərinə göndərdiyi mükafatlandırma mərasiminin dəvətlərini sonradan geri götürüb:

“Biz İsveçdəki bütün ölkələrin səfirlərini təqdimata dəvət etmək qərarına kölgə salan kəskin reaksiyanı nəzərə aldıq. Bu səbəbdən də ötənilki istisnanı təkrarlamaq qərarına gəldik. Yəni Rusiya, Belarus və İranın səfirlərini Stokholmda keçirilən Nobel mükafatı mərasiminə dəvət etməyəcəyik”.

Bir gün öncə, sentyabrın 1-də Nobel Fondu bəyanat yayaraq 2023-cü ildə Stokholmda keçiriləcək mükafatlandırma mərasimində İsveç və Norveçdə diplomatik təmsil olunan bütün ölkələrin səfirlərinin dəvət olunduğunu açıqlamışdı.

Fondun məlumatında qeyd edilib ki, hər üç ölkənin səfirləri Stokholmda olmasa da, Osloda keçiriləcək mərasimə dəvət ediləcəklər.

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra bir sıra beynəlxalq tədbirlərdə iştirakına qadağa qoyulub.

Hər il oktyabrın əvvəlində Stokholm (İsveç) və Osloda (Norveç) “Nobel Həftəsi” keçirilir.

Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir.

Nobel mükafatı 1895-ci ildə isveçli ixtiraçı-alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib.

İlk dəfə sahibinə 1901-ci ildə təqdim olunub.

Mükafat qızıl medal və pul mükafatından ibarətdir.

Builki “Nobel həftəsi” oktyabrın 2-dən 9-dək keçiriləcək.

Ana səhifəXəbərlərRusiya, Belarus və İran səfirləri Nobel mərasiminə buraxılmayacaq