close

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

ABŞ Senatı. Foto: rarrarorro/shutterstock

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığı bildirilir

ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellarla həyat yoldaşı İmelda Kuellar rüşvətxorluq, çirkli pulların yuyulması və xarici dövlətlərin maraqlarına lobbiçilikdə ittiham edilirlər.

Bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, 2014-cü ilin dekabrından 2021-ci ilin noyabrına qədər cütlük iki xarici şirkətdən, Azərbaycanın dövlət neft-qaz şirkəti və baş ofisi Meksikada yerləşən bankdan təxminən 600 min dollar alıb.

Bəyanatda deyilir ki, pullar uydurma şirkətlərdən istifadə edilməklə saxta müqavilələr vasitəsilə yuyulub.

Henry Cuellar, Foto: REUTERS/Michael A. McCoy

Kuellar 2022-ci ilin yanvarında Nümayəndələr Palatasının Azərbaycan Qrupunun həmsədri vəzifəsində çalışdığı zaman ABŞ hüquq-mühafizə orqanları onun Laredodakı evində, həmçinin ofisində axtarış aparıb.

Ədliyyə Departamenti bildirib ki, Henri Kuellar və həyat yoldaşı 2024-cü il mayın 4-də Hyustonda federal məhkəmə hakimi qarşısında ilkin çıxış ediblər.

Daha sonra onlar zaminə buraxılıblar.

Onlara qarşı ümumilikdə 14 ittiham irəli sürülüb.

İttihamların bir neçəsi qanunla maksimum 20 il həbs cəzası nəzərdə tutur.

Ana səhifəSiyasətABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur