close

ABŞ minaların təmizlənməsi üçün Azərbaycana ayırdığı yardımın məbləğini açıqladı

Mina. Foto: ANAMA

“Yaxın aylarda daha 2 milyon dollar ayıracağıq”

ABŞ 2021-ci ilin noyabrından Azərbaycana ərazilərin minalardan təmizlənməsi üçün 2,5 milyon dollara yaxın vəsait ayırıb.

Bunu ABŞ dövlət katibinin hərbi-siyasi işlər üzrə köməkçisinin müavini Karen Çandler “Turan”ın Vaşinqtondakı müxbirinə deyib.

Diplomat Konqresin 2022-ci ildə Dağlıq Qarabağ regionu üçün maliyyə ayırdığını da qeyd edib:

“Biz artıq bütün regiona 2,5 milyon dollar təqdim etmişik ki, orada çalışan icraçı tərəfdaşlarımız tərəfindən ədalətli paylansın. Yaxın aylarda daha 2 milyon dollar ayıracağıq, onlar 2022-ci maliyyə ili büdcəsinin bir hissəsidir”.

Bu yaxınlarda ABŞ-ın Avropa Komandanlığı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin tələblərini müəyyən etmək üçün ərazinin bütövlükdə yoxlanmasını başa çatdırıb.

“Bundan sonra üç əlavə layihə yaradılıb: fiziki təhlükəsizlik və döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə təlimatçıların hazırlanması üçün iki kurs. Üçüncü layihə azərbaycanlı sapyorlara əl ilə mina əleyhinə aşkarlama sisteminin öyrədilməsinə və təchiz edilməsinə yönəlib”, – deyə Karen Çandler bildirib.

Dövlət Departamentinin “Təhlükəsiz Yer istiqamətində hərəkət” adlı son hesabatına görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdən bəri 280-dən çox adam həlak olub və yaralanıb.

Karen Çandler. Foto: “Turan”

Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Jenkins ABŞ-nin 1993-cü ildən yerüstü minalar və partlamamış döyüş sursatları ilə əlaqədar humanitar təhdidlərin aradan qaldırılması üçün dəstəyinə toxunub:

“Vaşinqton beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün 120-dən çox ölkəyə və bölgəyə 4,6 milyard dollardan çox investisiya qoyub”.

Ukraynadakı müharibədən danışan Jenkins deyib ki, Ukrayna ərazisinin 174 000 kvadrat  kilometrində mina və hərbi sursat var. Bu, Avstriya ərazisindən iki dəfə çoxdur.

ANAMA bu günə qədər Azərbaycanın işğaldan azad edilən ərazilərinin 68 min 953 hektarını minalardan və partlamamış döyüş sursatlarından təmizlədiyini bəyan edib.

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov postmünaqişə dövründə 75 min hektardan çox ərazinin minalardan təmizləndiyini deyib.

O qeyd edib ki, sözügedən dövrdə 85 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zəzərsizləşdirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, II Qarabağ müharibəsi başa çatdıqdan sonra 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si ölüb.

Ana səhifəSiyasətABŞ minaların təmizlənməsi üçün Azərbaycana ayırdığı yardımın məbləğini açıqladı