close

ABŞ Ukraynaya 2,6 milyard dollar əlavə silah yardımı vəd edir

Foto: Reuters

Volodimir Zelenski: “ABŞ Ukraynaya kömək etməklə öz dəyərlərini qoruya bilər”

Ukrayna Rusiya qüvvələrinə qarşı yaz hücumuna hazırlaşır.

Belə bir vaxtda Pentaqon aprelin 4-də elan edib ki, ABŞ Ukraynaya üç hava müşahidə radarı, tank əleyhinə raketlər və yanacaq daşıyan maşınlardan ibarət 2,6 milyard dollar dəyərində hərbi yardım təqdim edəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Milli Qubernatorlar Assosiasiyasına deyib ki, Birləşmiş Ştatlar Ukraynaya kömək etməklə öz dəyərlərini qoruya bilər.

“Əməkdaşlığımız sizin təhlükəsizliyinizin, həm bizim, həm də sizin iqtisadiyyatınızın, hər iki ölkəmizdə iş yerlərinin açılmasına imkan verəcək”, – deyə Zelenski videobağlantı vasitəsilə bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, əsas olan vaxt itirməməkdir:

“Əldə olan şansı itirmək olmaz. İndi hərəkətə keç, indi kömək et. Ukraynalılar elə hərəkət edirlər ki, amerikalılar döyüşmək məcburiyyətində qalmasın – və biz birlikdə ölkələrimiz üçün yeni güc qazanırıq”, – o davam edib.

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ı münaqişəni mümkün qədər uzatmaq istəməkdə ittiham edib.

Xəbəri Rusiyanın TASS agentliyi yayıb.

Səfirliyin bəyanatında deyilir: “Kiyevə silah tədarük etmək qərarı Ukrayna böhranının gərginləşməsinə və mülki itkilərin sayını artırmağa yönəlmiş addımdır”.

Silah yardımı paketi bu dəfə prezident Co Bayden administrasiyası tərəfindən ABŞ-ın silah ehtiyatlarından deyil, sənayedən silah almağa imkan verən Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) tərəfindən maliyyələşdirilən layihədən ayrılıb.

USAI paketinə ABŞ və müttəfiqlərinin Kiyevə verdiyi HIMARS hava hücumundan müdafiə sistemləri üçün əlavə döyüş sursatları, dəqiq aviasiya sursatları, sovet dövründənqalma GRAD raketləri, tank əleyhinə raketlər, hücumlarda istifadə edilən zirehli körpü sistemləri və 105 yanacaq qoşquları və maliyyə vəsaiti daxil idi.

Paketin bu seqmentinə “Patriot” hava hücumundan müdafiə sistemləri, tank sursatları və Yüksək Hərəkətli Artilleriya Raket Sistemləri (HIMARS) üçün döyüş sursatları daxildir.

Ötən ay Almaniya və Portuqaliyanın vəd etdiyi “Leopard 2” döyüş tankları Ukraynaya çatıb.

Aprelin 4-də elan edilən paketə 61 ağır yanacaq tankeri də daxildir.

ABŞ indiyədək Ukraynaya 35,2 milyard dollardan çox təhlükəsizlik yardımı edib.

Ana səhifəDünyaABŞ Ukraynaya 2,6 milyard dollar əlavə silah yardımı vəd edir