close

ABŞ rəsmi Bakı ilə Yerevanı yenidən bir araya gətirir

A,Mirzoyan, E.Blinken və C.Bayramov. Foto: ABŞ DD

XİN rəhbərlərinin növbəti görüşü Vaşinqtonda keçiriləcək

İyunun 26-da Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş üzrə müzakirələrin növbəti raundunun başlanacağı bildirilir.

Bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

Qeyd olunur ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Vaşinqtona işgüzar səfərə gedib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə hər hansı məlumat yaymayıb.

Mayın 21-də ABŞ Dövlət Departamentinin birinci müavini Vedant Patel gözlənilən görüşün anonsunu vermişdi:

Vaşinqton sərhəddə zorakılığın artması fonunda fikir ayrılıqlarını aradan qaldırmaq üçün Azərbaycanla Ermənistan arasında danışıqların növbəti raundunu yaxın vaxtlarda planlaşdırmaq üzərində çalışır”.

Patel əminliklə bildirib ki, tərəflər Cənubi Qafqazda dinc gələcəyə can atmağa davam edirlər.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətABŞ rəsmi Bakı ilə Yerevanı yenidən bir araya gətirir