close

ABŞ rəsmilərinin Azərbaycanla bağlı ritorikası dəyişib, yoxsa?..

ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock

“Azərbaycan cəmiyyəti ABŞ “narahat” olanda da Vaşinqtonu tənqid edirdi, indi də…”

Qərb ölkələrinin, beynəlxalq təşkilatların, xüsusən ABŞ-ın Azərbaycandakı həbslərə yanaşmasındakı ifadələrin 10-15 il əvvəlkindən fərqləndiyi bildirilir.

Əgər ABŞ Dövlət Departamenti 2000-ci illərin əvvəllərində hansısa siyasi fəalın, partiya sədrinin həbsindən, qanunvericiliyin məhdudlaşdırılmasından “narahatlığını” ifadə edirdisə, bu gün “ABŞ … işini yaxından izləyir” ritorikası üstünlük təşkil edir.

Bu, Bəxtiyar Hacıyevin, Qubad İbadoğunun və digərlərinin həbsində, yaxud “Siyasi partiyalar” və “Media haqqında” qanunların qəbulunda da özünü büruzə verib.

Bir çox ekspertlər və fəallar sosial media hesablarında düşünürlər ki, siyasi ritorikada ifadələrin seçilməsi vacib məqamdır.

ABŞ-ın sərgilədiyi mövqeyə gəlincə, əvvələr də Azərbaycanın ictimai-siyasi mühitində Vaşinqtonun “narahatlıq” ifadəsini loyal sayaraq qınayanlar az deyildi.

Bəs ABŞ “narahatlığını” niyə “izləmək”lə əvəzləyib?

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov hesab edir ki, Azərbaycanda baş verənlərə münasibətdə ciddi bir dəyişiklik yoxdur.

“Məsələ “kənardan izləyirik” anlamında deyil, yaxından müzakirə olunur”

O, Meydan TV-yə deyib ki, Azərbaycan cəmiyyəti ABŞ “narahat” olanda da Vaşinqtonu tənqid edirdi, indi də:

“İndi “izləyirik” söyləyəndə də tənqid edirik, yaxud narazılığımızı ifadə edirik. Bütün hallarda Qərbin Azərbaycandakı duruma münasibətinin mahiyyət etibarı ilə çox da dəyişdiyi düşüncəsində deyiləm. Sadəcə, avqustun 10-da Dövlət Departamentinin açıqlamasında da göründü ki, diplomatik danışıqlarda həbslər müzakirə olunur, amma ikili detallara varmaq istəmirlər. Departamentin rəsmisi Miller demək istəyirdi ki, onlar yanlış açıq bəyanat vermirlər, həm də ikitərəfli müzakirələrdə həbslər məsələsini qaldırırlar. Bu, o deməkdir ki, məsələ “kənardan izləyirik” anlamında deyil, yaxından müzakirə olunur. Hətta həbs olunanların azad edilməsi ilə bağlı hakimiyyətə çağırış da səsləndiriblər. Yaxud Avropa Birliyinin təmsilçiləri həbs edilənlərin dərhal azad olunmaları barədə bəyanat yayıblar. O cümlədən, ABŞ Konqresinin, Senatının təmsilçiləri oxşar açıqlamalar verib, çağırışlar ediblər”.

Akif Qurbanov
Akif Qurbanov, Foto: Akif Qurbanovun şəxsi arxivindən

Akif Qurbanov deyir ki, Bakı-Vaşinqton münasibətlərində son dövrlər Qarabağ mövzusunda intensivləşməni nəzərə almaq vacibdir:

Bu baxımdan ictimaiyyətə açıqlanan bəyanatlarda diqqətli ifadələr seçilir ki, münasibətlərdə gərginlik üçün əsaslar yaranmasın. Həmçinin nəzərə almalıyıq ki, Ukrayna-Rusiya müharibəsində Azərbaycanın seçdiyi orta və ehtiyatlı pozisiyanı Qərb daha uyğun qarşılayır. Yəni belə bir fonda münasibətlərin gərginləşməsindən maksimum qaçırlar. Ona görə Azərbaycan hökuməti ilə münasibətlərdə diplomatik ifadələrin seçilməsində daha həssas yanaşma sərgiləyirlər”.

Papağımızı qabağımıza qoyub yaxşı-yaxşı fikirləşməliyik”

Akif Qurbanov bütün hallarda hər hansı siyasi məhbusun azad olunması ilə bağlı gözləntilərin kənar təsirlərdən asılı olmasının əleyhinədir:

“Biz cəmiyyət olaraq özümüzün ictimai etirazlarımızı qabartmalıyıq ki, daxildə etirazların artdığı görünsün. Amerikalıların baxış bucağından baxsaq, onlar deyə bilərlər ki, yaxşı, biz izləyirik, bəs siz nə edirsiniz?! Ona görə papağımızı qabağımıza qoyub yaxşı-yaxşı fikirləşməliyik”.

Qərbin mövqeyi olmasaydı, ölkədə vəziyyət daha bərbad olardı”

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ritorikanın dəyişməsi fikrini bölüşmür.

Tofiq Yaqublu deyir ki, o vaxt da indiki kimi münasibətlər sərgilənirdi:

“Ümumiyyətlə, bu, diplomatiyanın dilidir və belə də olmalıdır. Son anda artıq sərt ifadələr seçilir. Amma, adətən, diplomatiyanın dili belədir”.

Tofiq Yaqublu
Tofiq Yaqublu, Foto: sosial şəbəkə

“Narahat olmaq ifadəsi çox normaldır, bəziləri bu sözü lağlağıya çevirirlər, yəni dedilər, eləcə də qaldı, xeyr, elə deyil. Asan deyil, baxın, Belarusa bütün sanksiyaları tətbiq ediblər, amma Lukaşenko yenə hakimiyyətdədir. Ona görə fərqli siyasət yürütdülər, həm qamçı, həm də kökə… Əsas odur ki, prinsipial mövqe qoysunlar. Bəli, biz daha ardıcıl, kəskin mövqe istəyirik. Yenə də sağ olsunlar ki, bunu da edirlər. Qərbin mövqeyi olmasaydı, ölkədə vəziyyət daha bərbad olardı”, – deyə Yaqublu əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton son həbslərlə bağlı İlham Əliyevlə çox ciddi danışıqlar aparır.

Avqustun 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə “Washington Post”un iqtisadçı Qubad İbadoğluyla bağlı redaksiya məqaləsini şərh edərkən demişdi ki, Vaşinqton həbs işini diqqətlə izləyir.

Oxşar açıqlamalar ictimai fəal Bəxtiyar Hacıyevin və digərlərinin həbsinə münasibətdə də təkrarlanmışdı.

Qubad İbadoğlunun həbsi

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxta pul ittihamını rədd edir, siyasi sifarişlə həbs olunduğunu bildirir.

Beynəlxalq təşkilatlar və ABŞ-ın bir neçə konqresmeni onun dərhal azadlığa buraxılmasını tələb edib.

Ana səhifəSiyasətABŞ rəsmilərinin Azərbaycanla bağlı ritorikası dəyişib, yoxsa?..