close

Daha bir fəalın saxlanıldığı bildirilir (yenilənib)

Səməd Şıxı. Foto: Səməd Şıxının şəxsi arxivindən götürülüb

İctimai fəal Səməd Şıxı sərbəst buraxıldığını bildirib.

Bu barədə Səməd Şıxı özü “Facebook” səhifəsində məlumat paylaşıb:

“Artıq evdəyəm. Telefonuma ailəmin vasitəsi ilə girib, bəzi postları sildikdən sonra sərbəst buraxdılar. Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm”.


“Səməd Şıxıdan telefonu tələb olunur”

İctimai fəal, yazar Səməd Şıxının Abşeron Rayon Polis İdarəsinin Qobu qəsəbəsində yerləşən bölməsində saxlandığı bildirilir.

Bu barədə Meydan TV-yə onun dostları məlumat verib.

Avqustun 10-da Səməd Şıxı “Facebook” hesabında məlumat yaymışdı ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları yaşadığı evə gəlib, onu aparmaq istəyiblər:

“Evdə olmadığım üçün sabah səhər tezdən saat 9-da bölməyə çağırılmışam. Qəsəbədəki polis bölməsinə gedəcəyəm…”.

Dostlarının bildirdiyinə görə, Səməd Şıxı polis bölməsinə gedərkən telefonunu özüylə aparmayıb.

Orada ondan israrla telefonunu tələb edirlər:

Səməd Şıxı hazırda Qobu polis idarəsində girov saxlanılır. Ona telefonunu polisə təhvil vermədiyi halda, sərbəst buraxılmayacağı deyilib”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə fəalın saxlanılması ilə bağlı məsələnin araşdırıldığı bildirilib.

Azərbaycanda son on gündə xeyli ictimai fəal həbs olunub.

Onların arasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, Kuryerlər Birliyinin üzvü Elvin Mustafayev də var.

Həbs olunan Afiəddin Məmmədova xuliqanlıq, Elvin Mustafayevə narkotik ittihamı irəli sürülüb. Lakin heç biri özünü təqsirli bilmir, ittihamın saxta olduğunu, ictimai fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Ana səhifəSiyasətDaha bir fəalın saxlanıldığı bildirilir (yenilənib)