close

ABŞ səfiri ermənilərin Qarabağda təhlükəsiz yaşayacaqlarına inandığını deyir

Kristina Kvin. Foto: AFR

“Nizamlanma üzrə danışıqlar çərçivəsində sözügedən prinsiplər təmin edilməlidir”

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə ümid edir.

Bu barədə səfir K.Kvin Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Diplomat Vaşinqtonun Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin Azərbaycanın tərkibində təmin oluna biləcəyinə inandığını söyləyib.

Səfirin sözlərinə görə, ABŞ çoxdan bəyan edir ki, Dağlıq Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyi qorunmalı, bu yöndə danışıqlar aparılmalıdır.

Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağdakı adamlar özlərini evlərində, öz mühitində təhlükəsiz hiss etməli, dinc ailə həyatı qurmaq imkanlarına malik olmalı və öz icmalarında iştirak etməlidirlər. Buna görə də nizamlanma üzrə danışıqlar çərçivəsində sözügedən prinsiplər təmin edilməlidir”, – deyə səfir əlavə edib.

Diplomatın fikrincə, tərəflər Dağlıq Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin qorunmasını təmin etmək üçün birlikdə hərəkət etməlidirlər və onlar müvafiq zəmanətlərin vacibliyini bəyan ediblər: “Qalır buna yol tapmaq”.

“Bakı və Xankəndi arasında dialoqun təşkili mümkündürmü?” sualına K.Kvin cavab verib ki, istənilən müzakirə və danışıqlar sülh yolu ilə nizamlanmaya nail olmaq üçün doğru yoldur.

Bakı və Yerevan arasındakı danışıqlarda Rusiyanın roluna toxunan amerikalı diplomat “Ukraynadakı təcavüzkar hərəkətlərinə görə” Kremli etibarsız tərəfdaş adlandırıb.

İyunun 26-29-da Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında münasibətlərin nizamlanmasına dair saziş üzrə növbəti müzakirələr raundu keçirilib.

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqton görüşü barədə bildirib ki, inkişaf var, lakin qarşıda xeyli çətin işlər gözləyir.

E.Blinkenin sözlərinə görə, görüşlər səmimi və açıq şəkildə keçib:

“Hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib”.

Mayın 1-4 tarixlərində də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Azərbaycan və Ermənistan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu nəzarətə götürüb.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətABŞ səfiri ermənilərin Qarabağda təhlükəsiz yaşayacaqlarına inandığını deyir