close

Tehran Rusiyanın sanksiyaya məruz qalan mədəniyyətinə dəstək verir

İran-Rusiya.Foto: Novikov Aleksey/shutterstock

Rusiyada İran mədəniyyət həftəsi keçiriləcək

İranın Rusiya ilə yeni mədəni əlaqələr qurmağa hazırlaşdığı bildirilir.

Bu barədə İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili danışıb.

Hazırda Rusiyada səfərdə olan nazir deyib ki, hər iki ölkə arasında yeni mədəni qarşılıqlı fəaliyyətin başlanması üçün zəmin hazırlanıb.

Ümid edirəm ki, Moskvaya səfərim zamanı iki ölkə arasında yaxşı razılaşmaların şahidi olacağıq”, – İsmaili bildirib.

İsmaili Rusiyaya İran mədəniyyət həftəsi çərçivəsində səfər edib.

Onun rusiyalı həmkarı Olqa Lyubimova ilə görüşlər və danışıqlar aparmaq üçün gəldiyi bildirilir.

İyunun 4-də Rusiyada İran mədəniyyət həftəsinin açılışı olacaq.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Qərb həmçinin bir sıra ölkələrdə rus mədəniyyətinə dair tədbirləri ləğv edib.

Sanksiyalara rus sənətçilər də məruz qalıb.

Onların digər ölkələrdə çıxış və konsertləri ləğv edilib.

Amerikanın Metropoliten-opera teatrı Rusiyanın opera ifaçısı Anna Netrebkonu, “La Skala” opera teatrı isə Rusiya Xalq artisti, dirijor Valeri Gergiyevi səhnədən uzaqlaşdırıb.

Milan-Bicocca Universitetində rus yazıçısı Fyodor Dostoyevski ilə bağlı mühazirənin ləğvinə cəhd, həmçinin İtaliyada yaşayan rus yazıçısı Nikolay Lilinə qarşı sosial şəbəkələrdə hücumlar olub.

Avropa Yayım Birliyi 2022-ci ildən Rusiyanı “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırıb.

Həmçinin artıq iki ildir ki, Rusiya nümayəndə heyəti Beynəlxalq Kann Film Festivalına buraxılmır.

Amerika kinostudiyaları da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada filmlərin yayımını ləğv edib.

Rusiya Prezidenti Vladimir Putin isə Qərbdə rus mədəniyyətinin ləğvini nasist Almaniyasındakı hadisələrlə müqayisə edib və deyib ki, Rusiya heç bir halda dünya klassiklərindən imtina etməyəcək.

Qoy, Qərb ölkələri Çaykovskisiz, Dostoyevskisiz, Tolstoysuz yaşasın. Amma biz alman bəstəkarları Baxdan, Bethovendən, yaxud da amerikalı yazıçı O.Henridən imtina etməyəcəyik”, – Putin bildirib.

Ana səhifəMədəniyyətTehran Rusiyanın sanksiyaya məruz qalan mədəniyyətinə dəstək verir