close

ABŞ səfirliyi Əliyevin “Gəlir gəlsin…” fikrinə reaksiya verib

Foto: ABŞ səfirliyi

Səfirlik deyir ki, onlar üçün sülh müqaviləsinin bağlanması və diplomatik səylərin davam etdirilməsi vacibdir

ABŞ-nin Azərbaycandakı səfirliyi Azərbaycan Prezidenti İlham Əliyevin səfir Mark Libbinin Şuşaya səfəri barədə açıqlamasına reaksiya verib.

İlham Əliyev mayın 10-da Şuşa şəhərinin sakinləri ilə görüşdə demişdi ki, hansısa səfirin Şuşaya gəlməsi minnət kimi təqdim edilməməlidir:

Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir”.

ABŞ səfirliyindən “Amerikanın səsi”nə bildirilib ki, onlar üçün sülh müqaviləsinin bağlanması və Azərbaycanla Ermənistan arasında diplomatik səylərin davam etdirilməsi vacibdir:

“Hər iki ölkə onların suverenliyini və ərazi bütövlüyünü tanıyan saziş yolunda əhəmiyyətli uğurlar qazanıb”.

Biz bu dinamikanı saxlamağa və əvvəlki danışıqların nəticələrinə əsaslanan sazişi bağlamağa çağırırıq. Biz hər iki ölkənin rəhbərliyini dəstəkləməyə davam edirik və hər kəsin hüquqlarına hörmət edilən layiqli və davamlı sülhə nail olmaq üçün yardım təklif edirik”, – deyə açıqlamada qeyd olunub.

Mayın 6-da ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Libby) xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etmişdi.

Diplomat səfərdən 3 gün əvvəl müstəqil medianın jurnalistləri ilə görüşündə Şuşaya niyə səfər etməməsi ilə bağlı suala da cavab vermişdi:

“Hazır olanda gedəcəyəm. Bu, ABŞ səfiri üçün normal bir şeydir. Mingəçevirdən əvvəl Lənkərana niyə getmişdim? Bunun siyasi səbəbi varmı? Xeyr. Mən ora getdim, çünki bir günə gedib, geri qayıda bilirdim və görüşməli olduğum bir görüş var idi. Amma mən bacardığım qədər Azərbaycanı gəzmək niyyətindəyəm və bu, baş verəndə elanımız olacaq. Bu, Azərbaycan hakimiyyətini narahat edən məsələ idi. Tənqid etdilər, düzdür. Mən çölə çıxıb təbliğat şousunda rol oynamaq niyyətində deyiləm, elə deyilmi? Mən öz şərtlərimlə çıxmaq istəyirəm. Mən harasa gedəndə hökumət şəkil çəkdirir, istədiklərini yazır, mən buna nəzarət edə bilmirəm. Amma mənim Azərbaycanın digər bölgələrinə etdiyim səfərlər də bizim missiyamız tərəfindən təşkil olunub”.

“Hökumətə deyirik ki, gedirik. Bəzən bizi orada qarşılayırlar, bəzən orada bunu edən olmur, amma biz gedirik. Aydındır ki, geri qaytarılan ərazilər bir az fərqlidir. Bir az daha koordinasiya tələb edir. Mən başqasının proqramında iştirak etmək istəmirəm. Mən nümayiş etdirmək üçün getmək istəyirəm ki, Birləşmiş Ştatların səfiri təyin olunduğu ölkənin bölgələrinə səfər edir. Mən Lənkərana, yaxud Mingəçevirə getdiyim kimi ziyarət etmək, istədiyim işləri görmək istəyirəm. Mən bunu belə etmək istəyirəm. Və buna görə də vaxtı gələndə mən bunu edəcəm”, – deyə o bildirmişdi.

Ana səhifəSiyasətABŞ səfirliyi Əliyevin “Gəlir gəlsin…” fikrinə reaksiya verib