close

Ələsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir

Ələsgər Məmmədli. Foto: Meydan TV

“Boğazındakı şişin-qalxanabənzər vəzin iynə biopsiyası üçün şərait yaradılmır”

“Toplum TV” internet televiziyası və eyni adlı portalın təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin həbsdə səhhətinin pisləşdiyi bildirilir. Bu barədə onun ailə üzvləri məlumat verib.

Qardaşı Nəsimi Məmmədli deyir ki, Ələsgər Məmmədli ciddi xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, müalicə ala bilmir. Onun sözlərinə görə, bir müddət öncə yazılmış müalicə kursu bitib və davamı üçün lazım olan addımlar atılmır.

Nəsimi Məmmədli bildirib ki, qardaşı təxminən 10 gün öncə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılaraq, orada ondan analizlər götürülsə də, indiyədək nəticəsi barədə nə Ələsgər Məmmədlinin özünə, nə də vəkilinə məlumat verilib.

“Boğazındakı şişin-qalxanabənzər vəzin iynə biopsiyası üçün şərait yaradılmır. Nəfəs almaqda çətinliyi davam edir. Gecə normal yata bilmir. Uzanıqlı halda boğulma hissi yaranır. Qan təzyiqi normadan yüksəkdir. Səsində problem yaranıb. Bir cümləlik nitqində bir neçə dəfə udqunur. Ələsgər bəyin ciddi müalicəyə ehtiyacı olsa da, heç bir dəlil-sübut olmadan həbsdə saxlanılır. Sanki girovluqdadır…”.

Qardaşı əlavə edib ki, Ələsgər Məmmədlini özəl yaxud dövlət klinikalarında şəxsi vəsaitləri hesabına müayinə, müalicə və əməliyyat etdirmək üçün müvafiq dövlət orqanlarına müraciət ediblər. Lakin müraciətlər cavabsız qalıb.

“Dövlət orqanlarının bir işıqlı insana, aydına, xüsusilə də təqsirsiz insana qarşı bu zülmkar münasibəti yolverilməzdir”, – Nəsimi Məmmədli vurğulayıb.

Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli də onun sağlıq durumunun pisləşdiyini deyir. Mayın 13-də Ələsgər Məmmədli ilə telefonla danışdıqlarını deyən həyat yoldaşının sözlərinə görə, onun boğazındakı şişlə əlaqədar səsində hiss ediləcək dərəcədə ciddi dəyişiklik var:

“Səsdəki dəyişikliyin səbəbi qalxanabənzər vəzdəki şişlə bağlıdır. Ölçülərdə böyümələr var və bu da səs tellərinə təsir edir. Üç həftədir ki, edilən müayinələrdən cavab yoxdur”.

Ələsgər Məmmədlinin durumuyla bağlı ailə üzvlərinin dediklərinə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər. Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəSiyasətƏləsgər Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir