close

ABŞ səfirliyinin fəalların aksiyasına münasibəti: “Fundamental azadlıqları dəstəkləyirik”

Foto: ABŞ səfirliyi

Səfirlik sorğuya ümumi cavab verib

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Meydan TV-in iyunun 23-də Müstəqillik Günü tədbirində aktivistlərin aksiyası ilə bağlı sorğusuna cavab verib.

Meydan TV həmin gün azərbaycanlı fəalların sivil aksiyasının səfirliyin tədbirində niyə zorakılıqla qarşılanması, onların zorla ərazidən çıxarılaraq Azərbaycan polisinə təhvil verilməsi barədə sualını diplomatik korpusun mətbuat xidmətinə göndərmişdi. Eyni zamanda, sual etmişdi ki, ABŞ səfirliyinin bu addımı ölkəsinin demokratiya və insan hüquqları ilə bağlı prioritetlərini və təşəbbüslərini Azərbaycan cəmiyyətində sual altında qoymurmu?

Sorğunu cavablandıran səfirlik ümumi cavab verməklə kifayətlənib. Bildirilib ki, ABŞ səfirliyi etiraz etmək hüququ və söz azadlığı da daxil olmaqla fundamental azadlıqları dəstəkləyir.

Bildirilir ki, tədbirə çoxlu sayda hökumət rəsmiləri, müxtəlif proqramlardan olan, o cümlədən iqtisadi və təhsil sahəsində fəaliyyət göstərən tərəfdaşlar, vətəndaş cəmiyyəti, media və digər qonaqlar dəvət olunub:

“Rəsmi proqramın yalnız bəzi hissələri mediaya açıq idi və qeyd edildi. Gecənin çox hissəsi şəbəkə qurmaq, Birləşmiş Ştatların müxtəlifliyini bölüşmək və rəsmi tədbiri qeyd etmək şansı idi”.

İyunun 23-də qadın hüquqlarını müdafiə edən fəallar Nərmin Şahmarzadə, Gülnarə Mehdiyeva və Sənubər Heydərli ABŞ səfirliyinin Müstəqillik Günü ilə bağlı tədbirində dinc etiraz aksiyaya cəhd ediblər.

Onlar səfirlikdəki tədbirdə boğazlarına qara boya ilə əl şəkli çəkilmiş şəkildə qatılıblar. Fəallar bu addımı Gədəbəy rayonunun Söyüdlü kəndində polisin insanlara qarşı zorakılığına etraz olaraq atdıqlarını bildiriblər.

Fəalların yaydığı məlumatda deyilirdi ki, səfirliyin mühafizəçiləri onları, eləcə də aksiyanı çəkən “Abzas” saytının rəhbəri Ülvi Həsənlini səfirlikdən çıxararaq, polislərə təhvil verib.

Polislər isə onları Nəsimi rayonu, 21-ci polis bölməsinə aparıb, bir müddət sonra oradan sərbəst buraxılıblar.

Tarixçə

İyunun 20-də Söyüdlü kəndində sakinlər qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunan ikinci gölün inşasına etiraz olaraq aksiya keçirib. Kəndə cəlb olunan çoxsaylı polis qüvvələri etiraz aksiyasına müdaxilə edib. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu zaman sakinlərə qarşı dəyənəklərdən, hətta yaşlı qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Xeyli kənd sakini tutulub. Həmin gün 5 nəfər məhkəmə qərarıyla 20 gün inzibati qaydada həbs olunub. Ertəsi gün daha 5 nəfər kənd sakininin saxlanması xəbəri yayılıb. Bir gün sonra post qurularaq, Söyüdlüyə giriş-çıxış məhdudlaşdırıb. Orada çəkiliş aparan müstəqil jurnalistlər zorla uzaqlaşdırılıb.

Saxlanılan şəxslərin Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (el arasında “bandotdel” deyilir) gətirilməsi, onlardan işgəncə altında etiraz aksiyasının kənar qüvvələr tərəfindən təşkil olunması haqda ifadələr almağa cəhd göstərilməsi haqda məlumatlar yayılıb.

Ana səhifəSiyasətABŞ səfirliyinin fəalların aksiyasına münasibəti: “Fundamental azadlıqları dəstəkləyirik”