close

ABŞ və Avropa İttifaqı Laçın dəhlizi ilə bağlı narahatlıqlarını bölüşüb

Şuşa-Xankəndi yolu. Foto: Meydan TV

Cozef Borel Ceyhun Bayramovla, Sallivan Hikmət Hacıyev və Qriqoryanla danışıb

Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə telefon danışığı olub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Ceyhun Bayramov Laçın yolunda dinc nümayiş keçirən azərbaycanlıların etirazlarının səbəblərinə toxunub.

O, həmçinin Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı, bölgədəki ekoloji problemlər barədə müzakirə açıb.

Nazir Azərbaycanın milli qanunvericiliyinə zidd olan qeyri-qanuni fəaliyyətlərin dayandırılmasının əhəmiyyətini vurğulayıb:

“Ceyhun Bayramov həmçinin Laçın yolunun Azərbaycan tərəfindən bağlandığına dair irəli sürülən iddiaların tamamilə əsassız olduğunu deyib. O, yoldan gün ərzində bir sıra nəqliyyat vasitələrinin mütəmadi əsasda keçdiyini, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmadığını diqqətə çatdırıb”.

Mənbə: XİN

Aİ-nin ali nümayəndəsi Cozef Borel isə bölgədə mövcud gərginliyin narahatlıq doğurduğunu qeyd edib. Bildirib ki, iki ölkə arasında mövcud sülh gündəliyinə sadiqlik vacibdir.

Sallivan Hikmət Hacıyevlə danışıb

Dekabrın 22-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan da Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan və Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Ermənistan mətbuatının yazdığına görə, A.Qriqoryan Azərbaycanı blokadada ittiham edib və ABŞ-ı Bakıya təzyiq göstərməyə çağırıb.

H.Hacıyev isə Sallivana bildirib ki, azərbaycanlı fəallar Laçın-Xankəndi yolunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı dinc aksiya keçirirlər.

“Erməni tərəfinin “blokada” ilə bağlı ittihamları əsassızdır”, – Hacıyev “Twitter”ində  yazıb.

Hikmət Hacıyev
Foto: Azertac

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabrında imzalanmış üştərəfli bəyanata (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Laçın dəhlizində nə baş verir?

2022-ci ilin dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürüblər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Ana səhifəSiyasətABŞ və Avropa İttifaqı Laçın dəhlizi ilə bağlı narahatlıqlarını bölüşüb