close

ABŞ və Avropa İttifaqı yardımın Xankəndiyə keçməsini alqışlayır

Foto: Trend

“Ermənistan və Azərbaycan arasında vəziyyətin tənzimlənməsi üzərində işləməyə davam edirik”

ABŞ və Avropa İttifaqı Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yükün Ağdam-Xankəndi yolundan keçməsinə münasibətini açıqlayıb.

ABŞ hadisəni “ilk mühüm addım” adlandırıb.

“Ermənistan və Azərbaycan arasında vəziyyətin tənzimlənməsi üzərində işləməyə davam edirik. Dünən dediyim kimi, dövlət katibi Entoni Blinken təkcə ötən həftə tərəflərlə bir neçə danışıqlar aparıb, yaxın günlərdə hər iki yolu açmağa çağırıb”,- deyə o qeyd edib.

Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuriya Kim də sentyabrın 12-də Rusiya Qızıl Xaç Komitəsinin yük maşınının Qarabağa humanitar yardım çatdırmasını alqışlayıb:

“Bu, ilk mühüm addımdır. İndi Dağlıq Qarabağda əziyyətə son qoymaq və sabit siyasi həllə gedən yolu açmaq üçün BQXK üçün Laçın və Ağdam marşrutlarını da dərhal açmağın vaxtı çatıb”.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin dünən yaydığı bəyanatda bildirilib ki, yolun açılması ilə bağlı bütün həssaslığı başa düşürlər:

“Ümid edirik ki, bu, yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmasının bərpasına təkan verəcək”.

“Yerlərdə vəziyyət sürətlə pisləşir. Qarabağ ermənilərinin zəruri tələbat malları ilə təmin edilməsi çox vacibdir. Bu gün Ağdam-Əsgəran marşrutunun açılması çox vacib addımdır, bu, Laçın dəhlizinin də açılmasına şərait yaratmalıdır. Bütün maraqlı tərəfləri həm Laçın marşrutundan, həm də Ağdam-Əsgəran marşrutundan istifadənin təmin edilməsində məsuliyyətli və həssas davranmağa çağırırıq”,-deyə bəyanatda qeyd olunub.

Eyni zamanda, bəyanatda vurğulanıb ki, Laçın dəhlizinin əvvəlki razılaşmalara və Beynəlxalq Məhkəmənin qərarına uyğun olaraq açılmalı olduğuna qəti əminliklərini təsdiq edirlər:

“Yerli əhalinin rifahı üçün digər təchizat marşrutlarının da faydalı olduğuna inandığımızı ifadə edirik. Avropa İttifaqı bugünki hadisələrdən sonra yaxın günlərdə Bakı və Qarabağ erməniləri arasında onların hüquqları, təhlükəsizliyi haqqında dialoqa, barışıq səylərinə və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesinə dair daha konkret addımlar atılacağını gözləyir”, -deyə bəyanatda bildirilir.

Sentyabrın 12-də səhər çağı Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yük Ağdamdan Xankəndiyə yola düşüb.

“Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur”.

Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün 2 gün idi ki, Bərdədə gözləyirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 TIR-ı isə 15 gündür həmin yolda gözləyir.

Azərbaycan Xarici İşlər Nazirliyi yükün Ağdam-Xankəndi yolu ilə keçməsini müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirib.

Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirdilər. Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu qeyd edirdi.

2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətABŞ və Avropa İttifaqı yardımın Xankəndiyə keçməsini alqışlayır