close

ADR üzvünə 30 sutka həbs cəzası verilib

Facebook

O, polisin əmrinə tabe olmamaqda günahlandırılır

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Xəzər Rayon Təşkilatını sədri Allahverdi Babayev həbs olunub.

Sentyabrın 16-la Xəzər Rayon Məhkəməsində ona polisə müqavimət ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib.

Qərarı məhkəmənin hakimi İlham Cəfərzadə çıxarıb.

Allahverdi Babayev haqqında tərtib olunmuş protokolda iddia olunur ki, Xəzər rayonu, 1-ci polis bölməsinin sahə inspektoru Pərviz Aslanov onu evindəki tikinti işiylə əlaqədar bölməyə çağırıb. Lakin o, tabesizlik göstərib, səs-küy salıb, söyüş söyüb: “Mən Allahdan başqa heç kimsən qorxmuram”, – deyib və s.

48 yaşlı Allahverdi Babayev özü isə məhkəmədə bildirib ki, protokolda onun haqqında yazılanlar başdan-ayağa yalandır.

Onun sözlərinə görə, onun həyətində qanunsuz tikinti getmir ki, buna görə bölməyə çağırılsın, sadəcə, yararsız vəziyyətə düşmüş otağı təmir elətdirir.

ADR üzvü vurğulayıb ki, əvvəlki sahə inspektoru onu nə vaxt çağırıbsa, həmişə gedib, heç vaxt yayınmayıb. Bu isə yeni təyin edilib:

“Buna da tabesizlik göstərməmişəm. Zəng eləyib, dediyi yerə gəlmişəm. Söhbət əsnasında, düzdür, “Allahdan başqa heç kimdən qorxmuram” demişəm. Evlə bağlı soruşanda dedim ki, ev dəftəri var. Məndən heç sənəd istəməyib. Mənə dedi ki, otur maşına, bölməyə gedək. Soruşdum ki, niyə? Dedi ki, şöbədə deyəcəklər. Mən də getmişəm…”

Allahverdi Babayevin sözlərinə görə, axşam saat 18.00 radələrində 1-ci polis bölməsinə gətirilib və gecəni orada saxlanılıb.

Ertəsi gün Xəzər Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

O, təqsiri olmadığını vurğulayıb və haqqında başlanmış işə xitam verilməsini istəyib.

Amma hakim İlham Cəfərzadə bir neçə dəqiqəlik müşavirədən sonra onun haqqında 30 günlük inzibati həbs qərarı çıxarıb.

ADR Partiyasının sədr müavini Ədalət Yusif də Allahverdi Babayevin həbsinin siyasi xarakterli olduğunu deyir.

Onun sözlərinə görə, Allahverdi Babayev saxlanmamışdan bir gün öncə – sentyabrın 15-də verdiyi müsahibəyə görə cəzalandırılıb.

Söhbət partiyanın sədri Qubad İbadoğlunun işinə Bakı Apelyasiya  Məhkəməsində baxılarkən məhkəmənin binası önündə verilən müsahibədən gedir.

O, internet televiziyalarından birində açıqlamasında İlham Əliyev və onun rəhbərlik etdiyi hakimiyyətə qarşı etiraza səsləyib:

“Real həyatda güc ortaya qoymaq lazımdır. Nə vaxta qədər ancaq şərh yazmaq, monitor arxasından etiraz etmək olar?”

Ana səhifəXəbərlərADR üzvünə 30 sutka həbs cəzası verilib