close

İspaniyada keçiriləcək görüşlə bağlı Paşinyandan açıqlama

Nikol Paşinyan. Foto: Meydan TV

“Təəssüf ki, sülh sazişi imzalanmayacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyan İspaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə sülh sazişi imzalamayacağından təəssüflənib.

Bu barədə Paşinyan sentyabrın 17-də yerli jurnalistlərə danışıb.

“Əgər imzalanma nəzərdə tutulsaydı, bu, o demək olardı ki, biz bu sənədin Ermənistanın balanslaşdırılmış maraqlarına uyğun olduğuna inanırıq və onu imzalamağa hazırıq”, – deyə Paşinyan bildirib.

Ancaq Baş nazir sülh gündəminin Ermənistanın prioriteti olduğunu da vurğulayıb:

“Biz Azərbaycanla mümkün qədər tez, məsələn, ilin sonuna və ya ilin əvvəlində sülh sazişi imzalamaq istəyirik və bunun üçün hər şeyi edirik. Ümid edirik ki, intensiv danışıqlar davam edəcək”.

O həmçinin Dağlıq Qarabağdakı humanitar böhranın və Laçın dəhlizinin qanunsuz blokadasının sülh prosesinə mənfi təsir etdiyini bəyan edib:

Buna görə çox vaxt itiririk, bu vəziyyət olmasaydı, ona sərf etdiyimiz vaxt və enerji sülh sazişinin müzakirəsinə yönələrdi”.

Sentyabrın 16-da Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya mediasına demişdi ki, Azərbaycan Ermənistanla problemlərin sülh yolu ilə həllini hədəfləyir.

“Mən fərziyyələrə əsaslanan ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun addımlar atır. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik”, – deyən Hikmət Hacıyev Azərbaycanın güc tətbiq edə biləcəyi ehtimalının olub-olmaması barədə sualı cavablandırarkən söyləmişdi.

Hacıyev həmçinin Bakının Yerevanla dialoqa getmək üçün mümkün kompromislərə hazır olduğunu demişdi.

Hikmət Hacıyev. Foto: Meydan TV

O qeyd etmişdi ki, Azərbaycan Ermənistan və ya hər hansı üçüncü ölkə ilə ölkənin ərazi bütövlüyü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcək:

Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycan rəhbərliyi ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir”.

Oktyabrın 5-də Qranadada Ermənistanın Baş naziri ilə Azərbaycan prezidenti, həmçinin Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurasının rəhbəri arasında beştərəfli görüş planlaşdırılır.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətİspaniyada keçiriləcək görüşlə bağlı Paşinyandan açıqlama