close

Afaq Bəşirqızı: “Aktyorlar var ki, dolanışıq üçün “Uber” taksilərində işləyirlər”

Afaq Bəşirqızı. Foto: Azərtac

Aktrisa teatrla bağlı yeni konsepsiya yaradılmasını təklif edir

Xalq artisti, teatr və kino aktrisası Afaq Bəşirqızı hesab edir ki, teatr sahəsində vahid bir konsepsiya yaradılmalıdır.

Aktrisanı narahat edən əsas məsələlərdən biri də teatr aktyorlarının maaşlarının az olmasıdır.

“Teatrlarda problemlər, çətinliklər var. Biz ağır bir müharibədən çıxmışıq. Ona görə də teatrlar öz güclərinə, Mədəniyyət Nazirliyinin, dövlətin gücü ilə hansısa bir əsəri yaratmağa çalışırlar. Şəhər teatrlarında işləyən aktyorlar var ki, “Uber” taksilərində işləyirlər. Aktyorların problemini bir maaşla həll etmək olmur. Düzdür, bu başqa sahələrdə də olur. Baxırsan ki, bir adam işini bitirəndən sonra gedib, əlavə başqa işlə məşğul olur. Çünki ailənin min cür problemi var. İstənilən halda, bir çarə tapılmalıdır. Nəsə konsepsiya yaradılmalıdır”, – Afaq Bəşirqızı Meydan TV-yə bildirib.

Aktrisa daha öncə Meydan TV-yə müsahibəsində demişdi ki, teatrlarda sovetlər dönəmindən qalma qaydalar ləğv olunmalıdır.

“Bunlardan biri də teatrların “akademik”, “aparıcı” və “adi” dərəcəli kateqoriyalara bölünməsidir. Hesab edirəm ki, bu, doğru deyil. Teatrın kateqoriyalara bölünməsi, ikinci, üçüncü dərəcəli olması, maaş cədvəlinə çox pis təsir edir. Bundan başqa, aktyor bölgüsünün də aparılmasını doğru hesab etmirəm. Aktyorların bölgüsü – ali dərəcəli və titullu olanlar, birinci və ikinci dərəcəli aktyor kateqoriyaları var. Əgər aktyor çox tanınmış deyilsə, tamaşalarına məhz ona görə gəlmirlərsə, bu, özü də bir maneədir. Hesab edirəm ki, bu qayda ləğv olunmalıdır. Çünki aktyorun maaşına təsir edir. Bütün bunlara baxmaq lazımdır”, – Afaq Bəşirqızı demişdi.

2019-cu il martın 2-də Prezident İlham Əliyevin bir qrup mədəniyyət xadimi ilə görüşü zamanı Afaq Bəşirqızı aktyorların maaşlarının artırılması və evlə təmin olunmalarını xahiş etmişdi.

Bundan sonra, martın 11-də Prezident İlham Əliyev teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə sərəncam imzaladı.

Sərəncamdan sonra sənətçilərin maaşı 50 faiz artırıldı.

Ana səhifəMədəniyyətAfaq Bəşirqızı: “Aktyorlar var ki, dolanışıq üçün “Uber” taksilərində işləyirlər”