close

Müsavat başqanlığına namizədin qətlə yetirildiyi məlum olub (yenilənib)

Natiq Mehdi. Foto: Müsavat Partiyas

Müsavatçı fəalın qətli ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bu qətllə bağlı birgə məlumatında bildirilir ki, Natiq Mehdinin meyiti onu qətlə yetirməkdə şübhəli bilinən Elsevər İslamovun ifadəsi əsasında basdırıldığı yerdən çıxarılıb.

Natiq Mehdinin 4 gün əvvəl Xətai rayonu ərazisində qətlə yetirildiyi, lakin Xəzər rayonu ərazisində basdırıldığı bildirilir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Natiq Mehdi məktəbdə mühafizəçi-nəzarətçi işləyib. Onun qətlində ittiham edilən Elsevər İslamov isə həmin məktəbin direktor müavini olub.

Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.


Dörd gündür itkin düşən Natiq Mehdinin iş yoldaşı tərəfindən öldürüldüyü iddia olunur

Müsavat Partiyasının üzvü, başqanlığa namizəd olan, lakin qurultaya bir neçə gün qalmış namizədliyini geri götürən Natiq Mehdinin qətlə yetirildiyi bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Natiq Mehdi 4 gündür itkin düşüb.

Sonuncu dəfə mayın 10-da şəxsi maşını ilə evdən çıxan müsavatçı fəalın yaxınları onun yerinin müəyyənləşdirilməsi üçün Xətai rayonu, 37-ci polis bölməsinə müraciət etmişdi. Mayın 14-də hüquq-mühafizə orqanları onun qətlə yetirildiyini müəyyənləşdirib.

Daxili İşlər Nazirliyindən verilən məlumatda 60 yaşlı Natiq Mehdinin iş yoldaşı tərəfindən qətlə yetirildiyi iddia olunur:

“Natiq Mehdinin iş yoldaşı 1966-cı il təvəllüdlü Elsevər İslamov tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib”.

Müsavat Partiyasının qurultayı mayın 4-də keçirilib və İsa Qəmbər yenidən partiyanın başqanı seçilib.

Ana səhifəSiyasətMüsavat başqanlığına namizədin qətlə yetirildiyi məlum olub (yenilənib)