close

Aidə Bağırova: “İranın İsrailə xəbərdarlığı, sadəcə, təhdiddir”

Foto: Reuters

Ekspert deyir ki, maraqlı dövlətlər konflikti lokallaşdırmaq istəyirlər

İran İslam Respublikası İsrailə xəbərdarlıq edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, İsrail fələstinlilərə qarşı təcavüzü dayandırmasa, bölgədəki digər tərəflər də hərəkətə keçəcək:

“Sionist təcavüz dayanmazsa, bölgədəki bütün tərəflərin əlləri tətikdə olacaq”.

Ancaq ötən həftə İranın ali dini lideri Əli Xameneyi Tehranın HƏMAS-ın İsrailə hücumunda iştirak etmədiyini söyləyib. Lakin o, HƏMAS-ın hücumunu alqışladıqlarını bildirib.

Oktyabrın 15-də isə İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı məhv edəcəklərini bildirib.

Yaxın Şərq üzrə ekspert, şərqşünas Aida Bağırova Meydan TV-yə deyib ki, Abdullahiyanın fikirləri, sadəcə, təhdiddir:

“İstər İran, istərsə də başqa dövlətlər bu cür bəyanat versələr də, hazırda bütün maraqlı dövlətlər konflikti lokallaşdırmaq istəyirlər. Əsas məqsəd İsrailin quru əməliyyatlar keçirməməsinə nail olmaqdır. Ona görə də belə təhdidlər səslənir”.

Aida Bağırova. Foto: Aida Bağırovanın şəxsi arxivindən

Aida Bağırova Netanyahunun açıqlamasını belə şərh edib:

“HƏMAS-ın hücumu ilə İsrailin regiondakı nüfuzuna böyük zərbə dəydi. Həm insanlar öldürüldü, həm də girov götürüldü. Ona görə Netanyahu mütləq addımlar atmalıdır. Çünki son hadisələr daxili siyasətə də, onun özünün də nüfuzuna təsir göstəribsə, o başqa bəyanatlar verə bilməzdi”.

 Yaxın Şərqdə nə baş verir?

Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.

Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

Ana səhifəDünyaAidə Bağırova: “İranın İsrailə xəbərdarlığı, sadəcə, təhdiddir”