close

AİHM-dən Azərbaycanla bağlı qərar: hökumət 4  müxalifətçiyə təzminat ödəyəcək

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Ərizəçilər ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət ediblər

Fevralın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 4 ərizə ilə bağlı qərarını elan edib.

Şikayətçilər Rasim İsaqov, Əli Abdullayev, Mübariz Abdulkərimov, Rauf Abdurəhmanlı azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarına müdaxilələrin olduğunu və ədalətli məhkəmə araşdırmasının aparılmamasını bildirirdilər.

Ərizəçilərdən Ə.Abdullayev, M.Abdulkərimov və R. Abdurəhmanlı Avropa Konvensiyasının 18-ci maddəsinin pozuntusunu mübahisələndirmişdilər.

R.İsaqov isə vərəqələr yaydığı üçün saxlanılmış və inzibati qaydada məhkum edilmişdi.

Bu barədə “aihmaz.org” məlumat yayıb.

Bildirilib ki, Xalq Cəbhəsi Partiyasının üzvü olan Rasim İsaqov 2014-cü il tarixdə saxlanılmış və İnzibati Xətalar Məcəlləsinin 39.1-ci (seçkiqabağı və ya referendum üzrə təşviqatın aparılması qaydalarını pozma), 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni göstərişinə tabe olmama) maddələrinə əsasən beş sutkalıq inzibati həbs cəzasına məhkum edilmişdi:

Rasim İsaqov bələdiyyə seçkilərinə bir gün qalmış “Hara gedirik?” yazılmış vərəqələr paylayırmış. O, polis əməkdaşlarının vərəqələrin paylanmasını dayandırması tələbinə tabe olmayıb, xüsusi olaraq, kimlərəsə xitab etmədən, ucadan ünvansız söyüş söyməyə başlayıb. Ərizəçi daxili məhkəmələr qarşısında iddia etmişdi ki, onun payladığı vərəqlərdə seçkiqabağı təşviqatla bağlı heç bir məzmun olmayıb, söyüş söyməyib, polisə tabe olmamaq istiqamətində hər hansı hərəkət etməyib. Ancaq yerli məhkəmələr onun arqumentlərini nəzərə almamışdılar”.

Məlumatda qeyd olunub ki, ərizələrin kommunikasiyası zamanı hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib:

Hökumət ərizəçilərin Konvensiyanın 5, 6 və 10-cu maddələri üzrə qaldırdıqları pozuntuları etiraf edib, bu pozuntuları təzminat ödəməklə kompensasiya etməyi təklif edib. Məhkəmə hökumətin bəyannaməsini qəbul edib”.

AİHM-in qərardadına görə, hökumət 3 ay ərzində R.İsaqova 5800 avro, digər ərizəçilərin hər birinə 6000 avro təzminat ödəməlidir.

Bundan əlavə ərizəçilərin hüquqi təmsilçisinə ümumilikdə 2 min avro ödənilməlidir.

Şikayətçiləri AİHM-də hüquqşunas Xalid Bağırov təmsil edib.

Ana səhifəSiyasətAİHM-dən Azərbaycanla bağlı qərar: hökumət 4  müxalifətçiyə təzminat ödəyəcək