close

Prorektorun öldürülməsilə bağlı yeni təfərrüatlar: Təqsirləndirilən şəxsin həyat yoldaşı nələri açıqlayıb?

Müşviq Atakişiyev və Tariyel Əhmədov. Foto: Wiki

Telefon danışıqlarında Samir Quliyevin uzun müddət Dəyanəti şantaj edib pul almasından bəhs olunur

13 il əvvəl Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinə sifariş verməkdə ittiham olunan, həmin universitetin o vaxtkı rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyevlə bağlı məhkəmə araşdırmaları davam edir.

Müşfiq Atakişiyev və onunla birlikdə mühakimə olunan daha iki nəfərin – bacısı oğlu, keçmiş polis zabiti Dəyanət Quliyev və onun İmişlidə qonşusu olmuş taksi sürücüsü Samir Quliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə baxılır.

Budəfəki məhkəmə iclasında şahidlər dindirilib. Onların arasında mərhum Tariyel Əhmədovun dostu Etibar Bağırov, təqsirləndirilən Dəyanət Quliyevin bacısı, həyat yoldaşı və başqa şahidlər olub.

Etibar Bağırov bildirib ki, dostunun başına gələnləri gecə saatlarında televizordan eşidib:

Uşaqlar dedi ki, “ata, dostunu televizorda göstərdilər”. Özüm də sonradan baxdım, gördüm…”.

Etibar Bağırov ifadəsində onu da bildirib ki, dostu ilə aralarında pul söhbəti olub, lakin Tariyel Əhmədov öldürülməmişdən öncə bu məsələni həll etmişdilər:

 “Mənim ona verəcəyim vardı. Görüşüb razılaşmışdıq, halallaşmışdıq. Tariyel müəllim heç öləsi adam deyildi…”.

Şahid Günel Quliyeva bildirib ki, təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev qardaşı, Müşfiq Atakişiyev isə dayısıdır. Onun sözlərinə görə, Müşfiq Atakişiyev onlara həmişə ata qayğısı göstərib.

Hadisəyə gəlincə, Günel Quliyeva deyir ki, qardaşının tutulmasından sonra xəbəri olub:

Dəyanətin yoldaşı zəng eləyib dedi ki, içib, polisə zəng eləyib, neçə illər əvvəl qətl törətməsi barədə məlumat verib.  Son illərdə Dəyanətin psixoloji vəziyyəti də yaxşı deyildi. Həkimə gedirdi, dərman içirdi”.

Dəyanət Quliyev təxminən 20 il daxili işlər orqanlarında işləyib. Mayor rütbəsində xidmət edən Dəyanət Quliyev 2011-ci ildə prorektor qətlə yetiriləndə də polis kimi fəaliyyət göstərirdi.

Bacısı istintaqa ifadəsində deyib ki, qardaşı son illərdə qumara qurşanmışdı. Hətta ondan xahiş edib ki, kredit götürsün, ona versin:

Biz iki qardaş və iki bacı olmuşuq. Atamız biz kiçik olanda rəhmətə gedib. Bizə dayım atalıq edib. Dayım Dəyanətə də dayaq olub. Onu oxutdurub, polisə işə düzəldib. Ev, maşın almasına kömək edib. Qardaşım çox içirdi, buna görə başı pozulmuşdu. Axır vaxtlar qumara qurşanmışdı. Məndən kredit götürüb ona verməyimi istədi. Vaxtilə qardaşım mənə çox kömək eləyib. Ona görə mən də onu köməksiz qoya bilməzdim. Bankdan 4 min manat kredit götürüb ona verdim. Sonradan eşitdim ki, qardaşım həmin pulu qumarda uduzub. İki ay idi kredit götürmüşdüm, qardaşım polisdən işdən çıxdı. Krediti özüm ödəməli oldum. Pis vəziyyətə qaldım. Qardaşım hər dəfə məni görəndə krediti ödəyə bilmədiyinə görə utanırdı”.

Dəyanət Quliyevin həyat yolası Elnarə Quliyeva isə məhkəmədə ifadə verməkdən imtina edib. Qanuna görə, şəxsin yaxın qohumların əleyhinə ifadə verməmək hüququ var. O, məhkəmədə danışmaq istəmədiyinə görə istintaqdakı ifadəsi elan olunub. Elnarə Quliyevanın istintaqdakı ifadəsi isə əsasən, onunla qardaşı İsa arasındakı telefon danışıqları əsasında müstəntiqin verdiyi suallara cavablarından ibarətdir.

Elnarə Quliyeva qardaşına deyib ki, Müşfiq Atakişiyev bacısı oğlu Dəyanət Quliyevə prorektoru aradan götürmək göstərişi verib. Dayısı uzun illər ona dəstək olduğuna görə Dəyanət Quliyev də bundan imtina edə bilməyib.

“Öz oğlu var, ona niyə demirdi? Allah bəlasını versin…” , – Elnarə Quliyevanın qardaşına dediyi sözlərdir.

Telefon danışıqlarından məlum olur ki, Dəyanət Quliyevin həbsindən sonra qızı Fəridə Quliyeva qohumlarına Müşfiq Atakişiyev məsələsini açıb deyəcəyini, atası azadlığa çıxmayacağı halda, digərlərini də ifşa edəcəyini bildirib:

 “Fəridə deyir ki, hamı cəzasını çəksin. Onu saxlaya bilmirəm…”.

Telefon danışıqlarında qonşuları Samir Quliyevin uzun müddət Dəyanəti şantaj edib pul almasından da bəhs olunur. İttihama görə, Dəyanət Quliyev də öz növbəsində Tariyel Əhmədovu öldürməyi İmişlidə qonşusu və uşaqlıq dostu olan Samir Quliyevə tapşırıb:

“Hər dəfə Samir pul istəyəndə Dəyanət özünü ora-bura vururdu, ona vermək üçün pul axtarırdı”.

Lakin Dəyanət Quliyev qonşusunun ondan pul tələb etmədiyini deyib. Təqsirləndirilən Samir Quliyev də bunu təkzib edib. Deyib ki, bu cinayəti pula görə yox, dostunun sözünə görə törədib.

Dəyanət Quliyev məhkəmədə dindirilərkən bildirib ki, 2011-ci ildə baş vermiş cinayət barədə 2023-cü ildə polisə onun özü məlumat verib. Onun sözlərinə görə, içkili idi, hətta intihara da cəhd göstərib. Lakin uşaqları qarşısını alıb, özünü yuxarı mərtəbədən atmağa imkan verməyiblər:

“Mənim başımda kista var, özümdə olmuram. Həmin gün “102”yə yığdım, dedim ki, belə bir iş törətmişəm”.

İttihama görə, Dəyanət Quliyev dayısından pul ala bilmədiyinə görə qisas məqsədilə 12 il sonra bu cinayət barədə polisə məlumat verib. Lakin o, məhkəmədə bunu təkzib edib. Polisə xəbər verməsini isə içkili olmasıyla əlaqələndirib.

İttihamda göstərilib ki, Müşfiq Atakişiyev prorektorun onu nüfuzdan saldığını, yerinə rektor vəzifəsinə keçmək istədiyini düşünərək, bacısı oğlu Dəyanət Quliyevə onu avtomobillə vurmaq və ya başqa bir yolla aradan götürmək tapşırığı verib. Dayısının uzun illər ona maddi və mənəvi dəstəyini nəzərə alaraq, onun istədiyini yerinə yetirmək qərarını verib. Lakin o, plandan kənara çıxaraq, dayısının tapşırdığı işi həmyerlisi və dostu Samir Quliyevə 40 min dollar müqabilində həvalə edib. Lakin ona bu işin sifarişçisinin Müşfiq Atakişiyev olduğunu bildirməyib.

İttihama əsasən, Dəyanət Quliyev Samiri prorektorun yaşadığı evin yaxınlığında idman etdiyi meydançaya apararaq, onu göstərib. Samir Quliyev 10 gün ərzində onu işlədikdən sonra 2011-ci il sentyabrın 16-da dəmir boru parçasıyla onu başından vuraraq, qətlə yetirib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə qədər, yaxud da ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müşfiq Atakişiyev ifadəsində deyib ki, bu maddə ilə özünü qətiyyən təqsirli bilmir. Amma Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə özünü təqsirli sayır. Onun sözlərinə görə, mərhum prorektoru 1-2 aylıq işdən uzaqlaşdırmaq üçün ona xəsarət yetirilməsini istəyib, lakin onu öldürmək niyyəti qətiyyən olmayıb.

1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-cu illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub. 2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

Ana səhifəSosialProrektorun öldürülməsilə bağlı yeni təfərrüatlar: Təqsirləndirilən şəxsin həyat yoldaşı nələri açıqlayıb?