close

AİHM İbadoğlunun işinə dərhal baxılmasına qərar verib

Qubad İbadoğlu. Foto: Meydan TV

Məhkəmə 39-cu qaydaya əsasən, Azərbaycan hökumətinə suallar göndərib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova AİHM-nin Azərbaycan hökumətinə suallar göndərməsi ilə bağlı məlumatı təsdiqləyib.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov isə deyib ki, işə dərhal baxılmasının səbəbi qardaşının səhhətinin kəskin pisləşməsi və onun orqanizminin ağır saxlanma şəraitinə uzun müddət davam gətirə bilməməsinə görədir:

“Azərbaycanın müvafiq icra hakimiyyəti strukturlarından (hakimiyyətindən) başqa hər kəs bu təhlükəni görür və nəsə etməyə çalışır. Qardaşımın tezliklə azadlığa qovuşmasına ümidlərimiz artır”.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Ana səhifəXəbərlərAİHM İbadoğlunun işinə dərhal baxılmasına qərar verib