close

AİHM “Nardaran hadisələri” ilə bağlı hökumətə suallar göndərib

Foto: arxiv

Məhkəmə 4 ay ərzində Azərbaycandan göndərilən 39 ərizənin araşdırılmasına başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu ilin iyun-sentyabr aylarında Azərbaycandan göndərilmiş 39 ərizənin araşdırılmasına başlayıb.

Kommunikasiya edilən ərizələrin əksəriyyəti seçki hüququnun pozuntusu mübahisə edilən işlərlə bağlıdır. Avropa Məhkəməsi 27 belə ərizə ilə bağlı hökumətə suallar göndərib.

Dörd ay ərzində 39 ərizə ilə bağlı kommunikasiyanın başlanması işlərin baxılmasında artım olduğunu göstərir.

Məsələn, AİHM 2021-ci ildə Azərbaycandan göndərilmiş 65, 2022-ci ildə isə 54 şikayəti hökumətlə kommunikasiya etməyə başlamışdı.

Araşdırılan işlərin bəziləri jurnalistlərlə bağlıdır. Bu işlər Xədicə İsmayılova, Mirələm Həşimov və Elnur Məhərrəmlinin işləridir ki, ərizələrdə defamasiyaya görə mülki və cinayət cəzalarının tətbiqinin qanunsuzluğu mübahisələndirilib.

Araşdırılmasına başlanılan işlər arasında Cahangir Hacıyevin, Elgiz Qəhrəmanın, Murad Adilovun, “Nardaran hadisələri” ilə bağlı həbs edilən bir neçə vətəndaşın şikayətləri də var.

Defamasiya ilə bağlı ərizələr: “Xədicə İsmayılova Azərbaycana qarşı”, “Mirələm Həşimov Azərbaycana qarşı”, “Elnur Məhərrəmli Azərbaycana qarşı” və “Nazim Məmmədov Azərbaycana qarşı” işləridir.

Seçki hüququnun pozuntusu mübahisə edilən ərizələr: “Yadigar Sadıqlı və başqa 26 ərizəçi Azərbaycana qarşı” işidir.

Nardaran işi üzrə ərizələr: “Hüseynov və İsmayılov Azərbaycana qarşı” işidir.

AİHM həmçinin “Murad Adilov Azərbaycana qarşı”, “Cahangir Hacıyev Azərbaycana qarşı”, “Elgiz Qəhrəman Azərbaycana qarşı”, “Etibar Məmmədov Azərbaycana qarşı”, “Paşa Dadaşov Azərbaycana qarşı” və “İdris Axundov Azərbaycana qarşı” işlərinin də kommunikasiyasına başlayıb.

Ana səhifəSiyasətAİHM “Nardaran hadisələri” ilə bağlı hökumətə suallar göndərib