close

Şarl Mişel Dağlıq Qarabağ əhalisinin məcburi köçünü etnik təmizləmə cəhdi adlandırmaqdan çəkinib

Şarl Mişel. Foto: Alexandros Michailidis/shutterstock

Avropa İttifaqı Şurasının prezidenti deyib ki, erməni əhali Azərbaycan hakimiyyətinin onlara necə baxacağından qorxub

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel (Charles Michel) ermənilərin Dağlıq Qarabağdan kütləvi köçündən danışıb. O, təxminən 100 000 etnik erməninin Azərbaycan qüvvələrinin regionda nəzarətini gücləndirdiyi üçün təqib qorxusu ilə qaçdığını bildirib.

Şarl Mişel “Euronews” müsahibəsində Dağlıq Qarabağ əhalisinin məcburi köçünü etnik təmizləmə cəhdi adlandırmaqdan çəkinib:

“Düzdür, erməni əhalisinin böyük əksəriyyəti regionu tərk edib və yəqin ki, Azərbaycan hakimiyyətinin onlara necə baxacağından qorxub. Böyük bir hissəsi indi Ermənistandadır və buna görə də Aİ humanitar yardımı çatdırmalıdır”.

ABŞ Dövlət Departamenti də Qarabağ ermənilərinin bölgədən çıxmasını “dəlil olana qədər” etnik təmizləmə adlandırmaqdan imtina edib.

Bu barədə oktyabrın 2-də Dövlət Departamentinin rəsmisi Metyu Miller keçirdiyi brifinqdə danışıb.

O bildirib ki, Birləşmiş Ştatlar etnik təmizləmə, soyqırım və digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edir:

“Soyqırım və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta söykənən prosesə əsaslanır. Mən bu tribunadan bu barədə heç bir yekun söz deyə bilmərəm”.

Oktyabrın 1-də BMT missiyası Qarabağa səfər edib. Onlar Xankəndi şəhərində olub.

Açıqladıqları məlumatda yerli əhali və digər şəxslərlə söhbət etdiklərini bildiriblər. Qeyd ediblər ki, missiya Xankəndi şəhərində çox az sayda yerli əhalinin qaldığını müşahidə edib.
Qarabağda qalan ermənilərin sayına gəldikdə, həmsöhbətlər 50-dən 1000-ə qədər müxtəlif rəqəmlər səsləndiriblər.

Oktyabrın 2-də Azərbaycan hökuməti reinteqrasiyaya dair hazırladığı planı açıqlayıb.

Həmin planda bildirilir ki, Qarabağda erməni sakinlərin yaşadıqları ərazilərdə fermerlərə subsidiyalar veriləcək, onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediləcəklər.

“Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir” – deyə, planda qeyd edilib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal anti-terror tədbirlərinə başladığını elan edib. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Ana səhifəSiyasətŞarl Mişel Dağlıq Qarabağ əhalisinin məcburi köçünü etnik təmizləmə cəhdi adlandırmaqdan çəkinib