close

Ailəsi həbsdə olan jurnalistin təcili müalicəsini tələb edir

Foto: Teymur Kərimovun şəxsi arxivindən

“Teymur Kərimovun həyatına olan təhlükəyə görə Ədliyyə Nazirliyi və Penitensiar Xidmət məsuliyyət daşıyır”

“Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun sağlamlığında ciddi problemlərin yarandığı bildirilir. Ailə üzvlərinin verdiyi məlumata görə, jurnalistin psixi durumu kəskin pisləşib, onun təcili müalicə müəssisəsinə köçürülməsinə ehtiyac var:

“Teymur Kərimovla Bakı İstintaq Təcridxanasında keçirilən görüşdə onun sinir sistemində ciddi problemlər olduğu aşkar müşahidə olunub. Hiss olunur ki, psixoloji pozuntular yaşanır”.

Yaxınları vurğulayıb ki, Teymur Kərimov 2019-cu ildə saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) işgəncələrə məruz qalıb, onun bədəninə elektroşok verilib:

“O hadisələrdən sonra uzun müddət psixoloji müalicə almağa məcbur olmuşdu. Sonuncu dəfə keçən ilin dekabrında yenə “Bandotdel” tərəfindən saxlanılanda zorakılığa məruz qalıb, işgəncələrlə üzləşib. Bütün bunlar onun sağlamlığında ciddi problemlər yaradıb. Səhhətindəki problemlərə görə onun müalicə müəssisəsinə köçürülməsini tələb edirik”.

Yaxınları əlavə edib ki, əgər tədbir görülməsə, Teymur Kərimovun həyatına olan təhlükəyə görə Ədliyyə Nazirliyi və Penitensiar Xidmət məsuliyyət daşıyır.

7 aydır həbsdə olan Teymur Kərimov əvvəl Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham olunurdu. Martda istintaqın sonunda ona eyni maddənin daha bir bəndi ilə əlavə ittiham verilib. O, həm də Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. O, İstək Totiyeva ilə əlbirlikdə təqsirləndirilir.

İstək Totiyeva həbsdə deyil, onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb. İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın internet kanalından silinməsi üçün 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.

Teymur Kərimov özünü təqsirli bilmir. O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır. Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.

Jurnalist heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini bildirib. Teymur Kərimovun məhkəmədə bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul etmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

Ana səhifəSiyasətAiləsi həbsdə olan jurnalistin təcili müalicəsini tələb edir