close

Məhkəmə AXCP-nin qurultayının nəticəsini etibarsız sayıb

AXCP-nin qurultayı. Foto: Meydan TV

Əli Kərimli: “Rejimin dərdi məni AXCP sədri kimi tanımamaqdır”

İyulun 5-də Nəsimi Rayon Məhkəməsi AXCP-nin üzvü Aydın Əliyevin şikayətilə partiyanın 2023-cü il iyunun 24-də keçirilmiş qurultayının nəticəsini etibarsız hesab edib. Bu barədə məlumatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərmili sosial şəbəkədə yayıb

Partiya sədri məhkəmə qərarını AXCP-yə qarşı “görünməmiş təzyiq” adlandırıb:

“Nəsimi Rayon Məhkəməsi bircə nəfərin şikayətilə qurultayın nəticəsini etibarsız hesab edib. AXCP qurultayından şikayətçi hakimiyyətin öz adamıdır. Aydın Əliyev vaxtilə hakimiyyətlə əlaqəsinə görə AXCP sıralarından xaric edilib. Sonradan hakimiyyətin istəyi, israrlı məhkəmə qərarları ilə AXCP sıralarına qaytarılıb. İndi həmin şəxsin şikayətini bəhanə edib cəbhəçilərin qurultayda az qala yekdilliklə qəbul etdiyi qərarlar etibarsız sayılıb”.

Əli Kərimli
Foto: Meydan TV

Əli Kərimli xatırladıb ki, AXCP-nin 24 iyun 2023-cü il tarixli qurultayı mətbuata açıq keçirilib. Səsvermə və səslərin hesablanması prosesi tam şəffaf olub:

“Mən qurultayda gizli səsvermə yolu ilə, yekdilliyə yaxın səs çoxluğu ilə (yalnız bir nəfər əleyhinə olmaqla) sədr seçilmişəm. Səsvermə və səslərin hesablanması prosesi tam şəffaf olub, jurnalistlər tərəfindən çəkilib və ictimaiyyətə təqdim olunub”.

“Ötən 1 il ərzində Ədliyyə Nazirliyi mənim sədr seçilməyim haqqında AXCP qurultayının qərarını qanunsuz olaraq, siyasi tapşırıqla dövlət reyestrinə daxil etməyib. Paralel olaraq hakimiyyət tərəfindən AXCP qurultayının nəticələrinin etibarsız hesab edilməsilə bağlı sifarişli məhkəmə prosesi başladılıb. Bu gün məhkəmə prosesi 1-ci instansiya məhkəməsində başa çatıb. Nəsimi Rayon Məhkəməsi qurultayın nəticələrini etibarsız hesab edib”, – partiya sədri qeyd edib.

Əlavə edib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək

“Apellyasiya məhkəməsinin qərarına qədər qurultayın qərarları qüvvəsindədir. Bu məhkəmə qərarları AXCP -nin partiya olaraq qeydiyyatını şübhə altına almır. Rejimin dərdi məni AXCP sədri kimi tanımamaqdır. Mən isə onların saxtakar, kriminal, korrupsioner mahiyyətlərini yaxşı tanıyıram”.

Aydın Əliyev 1995-ci ildən AXCP-də fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A.Əliyev partiya sıralarından kənarlaşdırılıb. 2020-ci ildə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə yenidən AXCP üzvlüyünə və partiyanın Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunub.

Əli Kərimlinin həmin qərardan Bakı Apelyasiya Məhkəməsinə verdiyi şikayət təmin olunmayıb.

Ana səhifəXəbərlərMəhkəmə AXCP-nin qurultayının nəticəsini etibarsız sayıb