close

Ailəsinin yaşadığı evə qadınlar gətirən məşqçini öldürməkdə ittiham olunan arvadına ekspertiza rəy verib: “Anlaqsız…”

Məhkəmə. Foto: Meydan TV

Zibeydə Sadıqova: “Mən bu gün məhkəmədən əvvəl Əfsanə ilə danışmağa çalışdım, məni başa düşmürdü…”

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi kimi çalışan, bir il öncə qətlə yetirilmiş Nurani Qalabəylinin ölümündə ittiham olunan həyat yoldaşının psixi durumuyla bağlı 3 ay əvvəl təyin olunmuş ekspertizaların rəyləri açıqlanıb. Rəylərdən birində Əfsanə Qalabəylinin hadisəni törədərkən anlaqsız olduğu göstərilib. Digərində isə bildirilib ki, hadisə vaxtı o, anlaqlı olub, lakin cinayətdən sonra keçirdiyi sarsıntı nəticəsində psixoloji və fizioloji affekt vəziyyətinə düşüb.

Rəylər oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əfsanə Qalabəylinin işi üzrə məhkəmə prosesində elan edilib.

Hələ aylar öncə Əfsanə Qalabəylinin psixi vəziyyətində depressiv pozuntu, təşviş əlamətləri və s. müşahidə olunduğunu əsas gətirərək, onun vəkili Zibeydə Sadıqova məhkəmədə vəsatət qaldırmışdı ki, müvəkkili psixiatrik ekspertizadan keçirilsin. Məhkəmə də həm prixiatrik, həm də psixioloji ekspertizalar təyin etmiş, onun həm cinayət baş verərkən, həm də hazırkı durumuyla bağlı rəy verilməsini istəmişdi.

Amma ekspertiza rəy vermişdi ki, Əfsanə Qalabəylinin psixi vəziyyətilə bağlı konkret nəticəyə gələ bilməyiblər. Ekspertizanın rəyində göstərilmişdi ki, ambulator şəraitdə onun psixi vəziyyətini düzgün qiymətləndirmək, ekspertlər qarşısındakı sualları cavablandırmaq çətinlik yaradır. Bu üzdən onun stasionar şəraitdə müayinəsi (psixiatriya xəstəxanasına yerləşdirilməsi) məqsədəuyğundur.

Bundan sonra məhkəmədə yenidən müzakirələr aparılmış, vəkili vəsatət verərək, Əfsanə Qalabəylinin stasionar qaydada xəstəxanaya yerləşdirilməsini və yenidən ekspertiza təyin olunmasını istəmişdi. Məhkəmə də təmin etmişdi. Oktyabrın 13-də açıqlanan rəylər həmin ekspertizaların nəticələri idi.

Hər iki rəydə Əfsanə Qalabəylinin anlaqsız olması göstərilib. Lakin birində hadisə vaxtı, digərində isə hadisədən sonra anlaqsızlıqdan bəhs olunur.

Hakim Siyavuş Hacıyev bildirib ki, rəyə əsasən, Əfsanə Qalabəyli hazırda hərəkətlərini dərk etmir, özünü idarə etmək iqtidarında deyil:

“Rəydən məlum olur ki, Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 21.1-ci (anlaqsız) maddəsinin təsiri altına düşür. İstintaq orqanından iş məhkəməyə daxil olanda şəxs anlaqsız vəziyyətdə olursa, o zaman ona qanuni nümayəndə təyin olunur. İşlə birlikdə həmin qanuni nümayəndə də məhkəməyə daxil olur”.

Bu iş üzrə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Çövdət Mehrəliyev indiki mərhələdə təqsirləndirilən şəxsə qanuni nümayəndə təyin olunmasına qarşı çıxıb. Onun sözlərinə görə, hələ bu rəy sübut kimi qəbul edilə bilməz. Prokuror vurğulayıb ki, rəyin dəqiqliyinin araşdırılmasına ehtiyac var.

Əfsanə Qalabəylinin vəkili Zibeydə Sadıqova isə vurğulayıb ki, sözügedən rəydə 4 həkimin imzası var. Vəkilin sözlərinə görə, özünü idarə etmək iqtidarında olmayan şəxsə qanuni nümayəndə təyin olunmaması onun hüququnun pozulması olacaq.

“Mən bu gün məhkəmədən əvvəl Əfsanə ilə danışmağa çalışdım, məni başa düşmürdü…”, – vəkil belə deyib.

Hakim də vəkilin fikri ilə razılaşıb ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmaması üçün ona qanuni nümayəndə təyin olunmalıdır. Anası məhkəmənin qərarıyla Əfsanə Qalabəylinin qanuni nümayəndəsi təyin edilib.

Məhkəmə prosesinin iştirakçılarına məlumat verilib ki, bu cinayət işi üzrə istintaq yenidən başlayır. Çünki işi araşdıran məhkəmə tərkibində hakimlərdən biri – Rahib Salmanovun ölümüylə əlaqədar onu Aytən Əliyeva əvəzləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov avqustun 28-də ölüb. Onun Daxili İşlər Nazirliyinin Nərimanov rayonu ərazisində yerləşən Arif Heydərov adına Hospitalının 6-cı mərtəbəsindən özünü ataraq intihar etdiyi bildirilir.

Əfsanə Qalabəylinin işi üzrə məhkəmə prosesi oktyabrın 27-də davam edəcək.

Hadisə 2022-ci il sentyabrın 2-də saat 12 radələrində Xətai rayonu ərazisindəki mənzillərdən birində baş verib. İttihama görə, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəyli həyat yoldaşı, 1974-cü il təvəllüdlü Nurani Qalabəylini kirayə yaşadıqları mənzildə 13 bıçaq zərbəsilə qətlə yetirib.
İddia olunur ki, Nurani Qalabəyli həyat yoldaşı və dörd övladının yaşadığı mənzilə müxtəlif qadınlar gətirərək, onlarla orada intim münasibətdə olub. Hətta həyat yoldaşını onlar üçün yemək hazırlamağa da məcbur edib.

Məhkəmədə həmin qadınlardan biri dindirilərkən bu barədə iddiaları təsdiqləyib.
Əfsanə Qalabəyli özü də məhkəmədə ifadəsində bildirib ki, illərlə əri tərəfindən zorakılığa məruz qalıb, döyülüb, təhqir edilib. Onun sözlərinə görə, Nurani Qalabəyli qadınları evə gətirəndə onu və uşaqlarını bir otağa salıb, qapını bağlayırdı. Evə gəlməmişdən öncə ondan yemək bişirməsini, onlar üçün yataq hazırlamasını tələb edirdi. Deyilənlərə əməl etməsəydi, işgəncəyə məruz qalırdı.

Əfsanə Qalabəyli deyir ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Lakin bu söhbətlər hər dəfə dava-dalaşla nəticələnib.

Əfsanə Qalabəylinin 13 yaşlı oğlu da məhkəmədə dindirilərkən dediklərini təsdiqləyib.
Əfsanə Qalabəyliyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham verilib. Bu maddədə 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ana səhifəSosialAiləsinin yaşadığı evə qadınlar gətirən məşqçini öldürməkdə ittiham olunan arvadına ekspertiza rəy verib: “Anlaqsız…”