close

Putin Azərbaycan və Ermənistan rəsmilərini Moskvaya çağırır

Foto: Meydan TV

Moskvada istənilən formatda danışıqların təşkilinə hazırıq”

Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan rəsmilərini Moskvada görüşməyə çağırıb.

O, bu barədə oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib:

Moskva Bakı ilə Yerevan arasında sülh planının gələcək inkişafı üçün ilk növbədə iki ölkənin Xarici İşlər Nazirliklərinin (XİN) rəhbərləri səviyyəsində danışıqları təşkil etməyə hazırdır”.

Gündəlikdə uzun müddətdir ki, davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh sazişinin hazırlanması məsələsi qalır. Rusiya bu məsələdə tərəfdaşlarına hər cür yardım göstərməyə hazırdır. Xüsusilə Moskvada istənilən formatda danışıqların təşkilinə hazırıq”, – deyə Putin əlavə edib.

O, Rusiyanın danışıqların liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına öz töhfəsini verəcəyini vurğulayıb:

“Seçim həmişə tərəflərin ixtiyarındadır və Moskva bu iş üçün lazımi şərait yaratmağa hazırdır”.

Putin onu da deyib ki, ötən müddətdə üçtərəfli formatda – Rusiya, Azərbaycan və Ermənistan formatında Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üçün ciddi iş aparılıb:

“Rusiya sülhməramlıları isə səlahiyyətləri çərçivəsində Qarabağda öz missiyalarını vicdanla yerinə yetiriblər”.

Foto: president.az

Oktyabrın 12-də Rusiya Prezidenti azərbaycanlı həmkarı ilə görüşdə deyib ki, onlar üçün bir nömrəli məsələ Qarabağla bağlı baş verənlərdir.

“Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq”.

Əliyev Putinin təklifini məntiqli sayır

Prezident İlham Əliyev isə belə cavab vermişdi:

Sevindirici haldır ki, siz Qırğızıstana dövlət səfəriniz çərçivəsində görüşmək üçün vaxt tapdınız. Əslində, məsələlər çoxdur. Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir. Biz həmkarlarımızla ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik”.

Lukaşenko Ermənistanı ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkek görüşünə qatılmayıb.

Bu, Belarus Prezidenti Aleksandr Lukaşenkonun reaksiyasına səbəb olub.

O, Yerevanı özünü tərəfdaş kimi aparmamaqda ittiham edib:

“Ermənistan heç də həmişə özünü tərəfdaş kimi aparmır. Əvvəlcə Gürcüstan bizim birlikdən çıxdı, de-fakto Ukrayna da bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan özünü heç də həmişə tərəfdaş kimi aparmır”.

“Paşinyan Brüssel görüşündən sonra Moskvaya gedəcək”

Politoloq Fərhad Məmmədov hazırkı prosesləri kifayət qədər təzadlı sayıb.

O, Meydan TV-yə deyib ki, oktyabrın sonunda Brüssel görüşü gözlənilir.

Politoloq əlavə edib ki, böyük ehtimalla Paşinyan belə tezliklə Rusiyaya getməyəcək:

“Yəni Brüssel görüşündən öncə onun Moskvaya gedəcəyini güman etmirəm. O mənada ki Qərb ona dəstək verir, amma onun qarşılığında praktiki olmayan, amma gözlə görünən anti-Rusiya addımları atır. Eyni zamanda, Paşinyan “3+3″ formatını da dəstəkləyib, bu qərarı İranla əlaqələndirmək olar. Çünki bu, daha çox Tehranın Yerevandan istəyi idi”.

Fərhad Məmmədov. Foto: Meydan TV

Məmmədovun sözlərinə görə, Paşinyan Brüssel görüşündən sonra Moskvaya gedəcək:

O, Rusiya ilə münasibətləri yeni sistemə salmaq üçün Moskva səfərini reallaşdırmalıdır. Əvvəla, Ermənistan Rusiya ilə hərbi-siyasi müttəfiqlikdən çıxmır, ikinci də müqavilə şərtləri hərbi bazalarını hazırda birdəfəlik bağlamağı mümkünsüz edir. Belə olan şəraitdə Paşinyan Qərbdən maksimum dəstək alıb Azərbaycanla mümkün dərəcədə uzlaşıb daha sonra Rusiyaya getməyi daha məntiqli sayır. Çünki indi Rusiyaya getsə, Qərbdə ona etimad hissi azalacaq”.

“Azərbaycanın belə kampaniyada olması acınacaqlıdır”

Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, Putin tərəfindən Paşinyana rəsmi müraciət olsa, o, imtina etməyəcək, çünki Rusiya ilə məsafə saxlamağa çalışır:

Amma Bişkek görüşündə Paşinyanla bərabər Moldova Prezidenti Sandi də iştirak etmədi. Bununla da Bişkek toplantısı Putinin müsəlman ölkələri və Lukaşenkonun görüşünə çevrildi. Azərbaycanın da belə kampaniyada olması acınacaqlıdır”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Mirqədirov hesab edir ki, Azərbaycanda İlham Əliyevin Brüssel görüşünə qatılıb-qatılmayacağı ilə bağlı suala cavab axtarılmalıdır:

“Məsələ ondadır ki, Əliyevin son bəyanatları onun Brüssel görüşünə qatılmasını şübhə altına alır. İlham Əliyev Gürcüstanda görüşə təkbətək də, üçtərəfli də hazır olduğunu dedi. Onu da dedi ki, digər formatların Azərbaycanın maraqlarına uyğun olub-olmayacağına baxacağıq, yəni Brüssel görüşünü, ümumiyyətlə, yada salmadı. Moskvanın dəvətinə gəlincə, Putin hələlik danışıqları uzatmaqla məşğuldur”.

Ana səhifəSiyasətPutin Azərbaycan və Ermənistan rəsmilərini Moskvaya çağırır