close

Allahın altında

Bakı, Heydər Əliyev məscidi. Foto: Aynur Mammadov/shutterstock

Zərdüşt Əlizadə

Əgər xalqımızın dünya barədə təsəvvürləri elmidirsə, bəs biz niyə bu kökdəyik?

Millətlərin və müxtəlif icmaların məzacını ayrı-ayrı fərdlərin məzacı ilə müqayisə etmək asan və geniş yayılmış fənddir. Bu zaman əsassız ümumiləşdirmələrə və mübaliğələrə yol verilir.

Bir də görürsən kimsə deyir ki, şəkililər yüngül məzacdırlar, şən və zarafatcıldırlar, həyata nikbin baxırlar, heç nəyi ürəklərinə salmırlar və sairə və ilaxır. Bu iddianı tək bir xamnəli-şəkili Mirzə Fətəli Axundzadənin nümunəsi dəyərdən salır. Tariximizdə, mənim rəyimə görə, onun qədər millət dərdini ürəyinə salıb ciddi düşünmüş və bu millət naminə cəfa çəkmiş ikinci insan tapmaq çətindir. İkincisi, çox güman ki, Həsən bəy Zərdabidir, o da əksəriyyəti “kəndistan zırraması” olan Zərdab əhli üçün əsla səciyyəvi sayıla bilməz.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Sözümün canı odur ki, müxtəlif tövrlü insanlardan təşkil olunmuş insan icmalarını asan və ümumiləşdirilmiş təriflərlə səciyyələndirmək şakəri mürəkkəb təzahürləri asan qavranılan bəsit qəliblərə salmaq meylindən xəbər verir.

Yuxarıda dediyim fikirlə aşağıda deyəcəyim fikir tam təzad təşkil edir. Məncə, azərbaycanlılar öz fikir dünyasını və seçimlərini “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” məsəlinə uyğun qururlar. Yəni azərbaycanlıların dünya barədə təsəvvürlərində istəklərinə çatmaq üçün çətin və əzablı zəhmətə qatlaşmaq anlayışı deyil, bu istəyə ani çatmaq üçün hansısa möcüzəyə ümid möhkəm yer tutur. Təbii ki, bu tərzdə düşünən millət onu çətin və məşəqqətli zəhmət yoluna dəvət edən ciddi siyasətçiyə deyil, ona istəklərinə asan möcüzə vasitəsilə çatmaq vədini verən siyasi Şeyx Nəsrullaha üstünlük verir. Belə seçimin aqibəti bəllidir.

Cəmi azərbaycanlılar beləmi düşünür, ümidini “hazırca yağlı kökəyə” bağlayır? Təbii ki, yox, hamı belə bəsit düşünmür. Fəqət dünyaya mürəkkəb məfhum kimi yanaşan, ictimai təzahürlərin obyektiv tarixi inkişaf mərhələlərinin zəruriliyini anlayan azərbaycanlıların nisbəti ümumilikdə heç 1% deyil. Bu 1% -ə çatmayan nisbət əsas verir ki, deyək: azərbaycanlıların dünya və tarixi proseslər barədə təsəvvürləri elmilikdən tam uzaqdır. Belə ümumiləşdirmə üçün danılmaz əsas var: dünya səhnəsində gözlə görünən geriliyimiz, hansısa vicdansız məxluq üzə dursa belə, danıla bilməz.

Sovet vaxtı Bakı qədeşləri deyərdi: “amerikanlara nə var ki, hərəsinin altında bir dənə “QAZ-24” var”.

Əgər xalqımızın dünya barədə təsəvvürləri elmidirsə, bəs biz niyə bu kökdəyik?
Dünya barədə bəsit təsəvvürlərimizə dair danılmaz bir misal: millət sidqi-ürəkdən inanırdı ki, səadətin rəmzi istiqlaldır. Azərbaycanın bütün müşküllərinin səbəbi Rusiyadan asılılıqda gizlənir. Elə ki, istiqlala çatdıq, bütün bu müşküllər həllini asanlıqla tapacaq. Çünki daha Rusiya, SSRİ, Moskva, Kreml olmayacaq, bütün müşküllərə Bakı, azərbaycanlıların özləri uğurla əncam qılacaq.

“Nooldu, Paşinyan?”

Bəlli oldu ki, Azərbaycanın müşküllərinin həllinin açarı Rusiyada deyil, Bakıda, Azərbaycanın hər bir guşəsində yaşayan azərbaycanlıların qafasındakı fikirlərin düzgünlüyündə gizlənir. Əgər bu fikirlər milli maraq əvəzinə cibişdana və doğma gödəniyyətə xidmətə yönlənibsə, bunda Kremlin günahını axtarmaq əbəsdir. İstiqlal isə sehirli çubuq deyil ki, “filfilo” deyib bu çubuğu havada yellədəsən və istəyin göydən nazil olsun. İşləmək lazımdır. Uzun illər ağır işləmək lazımdır.

Dünya barədə yanlış təsəvvürümüzə dair digər bir misal: cəmiyyətin özünü qabaqçıl sayan hissəsi inanırdı ki, “Qərb bizə kömək edəcək”. Niyə? Hansı əsasla? Çün “Qərb üçün maraqlar deyil, dəyərlər əsasdır”.

Ay keçdi, il dolandı, ən könəz və köntöy Qərbpərəst belə anladı ki, Qərb dəyərlərə deyil, öz doğmaca maraqlarına sadiqdir və bunun naminə dünyada nə varsa, o cümlədən ən ülvi dəyərləri, hamısını məmnuniyyətlə qurban verməyə hazırdır. Bu sadə həqiqəti anlamaq üçün millətin başı son 30 ildə gərək azı on dəfə daşa-qayaya çırpılaydı.

İndi Azərbaycan cəmiyyəti digər bir sadə, və sadə olduğu qədər yanlış bir ilğıma inanmağa başlayıb: əgər dövlətimiz prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçsə, bizdə demokratiya bərqərar olacaq. Bu inamın yanlışlığına əmin olmaq üçün heç də əməli təcrübə keçirmək lazım deyil. Bir neçə sadə suala elə indinin özündə cavab vermək lazımdır.

1.Azərbaycanda parlamentdə təmsil olunmaq üçün yetişmiş siyasi partiya varmı?

2.Öz maraqlarını siyasi partiyada birləşən və parlamentdə və hökumətdə təmsil olunaraq ifadə etməyə qadir olan yetkin siyasi təbəqə və ya sinif varmı?

3.Azərbaycanda parlament demokratiyasının təməli sayılan siyasi oyun qaydalarına və qanunların aliliyinə hörmət və riayət ənənəsi, barış və qarşılıqlı güzəşt mədəniyyəti varmı?

4.Azərbaycanın dövlət cihazını və bu cihaz vasitəsilə ölkənin bütün sərvətlərini inhisara almış siyasi zümrə hakimiyyət üsul-idarəsini dəyişməyə imkan verərmi?

İndi Azərbaycan cəmiyyəti digər bir sadə, və sadə olduğu qədər yanlış bir ilğıma inanmağa başlayıb: əgər dövlətimiz prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçsə, bizdə demokratiya bərqərar olacaq.

5.Prezident üsul-idarəsi sistemində qanunlara məhəl qoymadan dövləti öz iqtisadi maraqlarına uyğun idarə edən, nə qanunları, nə də cəmiyyətin hüquqlarını saya alan hakimiyyət, əgər möcüzə baş verərsə və Azərbaycan qəfildən parlament respublikasına çevrilərsə, əhalini eyni zorakılıqla əsarətdə saxlamayacaqmı?

6. Prezident üsul-idarəsində hüquqlarını müdafiə etməkdə aciz olan toplum hansı sehrin köməyi ilə oyanıb-yetişib-təşkilatlanıb-cürətə gəlib parlament üsul-idarəsində öz hüquqlarının keşiyində dura biləcək?

Bu mövzu ətrafında çox yazıb ətraflı dəlillər gətirmək olardı, fəqət buna lüzum görmürəm, fikrimi tezis şəklində müxtəsər yazıb möhtərəm oxucumu bu suallar ətrafında düşünməyə dəvət edirəm.

Yarım əsr bundan əqdəm bir bivec və kəmsavad yeniyetmə qohumum Molla Nəsrəddin lətifəsində qeyd olunmuş “eşşək-eşşək” yaş həddinə çatdığından evlənmək həsrəti çəkməyə başlamışdı, özü həyatda tam fərsiz olduğundan yana-yana deyirdi: “Allahın altında dədəm mənə arvad alaydı”.

Bu vaqeə mənə bizim cəmiyyətdə gedən “parlament üsul-idarəsinə keçid” söhbətini xatırladır.

Ana səhifəMənim FikrimcəAllahın altında