close

Cerald Ford – qadınların öldürmək istədiyi prezident

Cerald Ford. Foto: Wiki

Yadigar Sadıqlı

İki qəsd arasında intervalın cəmi 17 gün olmasını nəzərə alsaq, lap mübhəm mənzərə alınar

İlk dəfə ABŞ prezidentıni öldürmək cəhdi 1835-ci ildə olub. Dövlətin ona borclu olduğunu düşünən və həmin borcun ödənməməsinə görə prezident Endrü Ceksonu günahlandıran psixi xəstə Riçard Lourens onu öldürmək qərarına gəlir. Amma həmin gün (30 yanvar) rütubətli olduğundan barıt nəm çəkir və atəş açılmır. Lourens 1861-ci ildə ölənə qədər psixi dispanserdə saxlanıldı.

Sonrakı cəhdlər zamanı dörd prezident (Avraam Linkoln, Ceyms Qarfild, Uilyam Makkinli, Con Kennedi) həyatını itirdi, ikisi (Teodor Ruzvelt, Ronald Reyqan) yaralandı, digər hallarda prezidentlər xəsarət almadan qurtuldular.

Yadigar Sadıqov
Foto: Meydan Tv

Qəsd edənlərin, demək olar, hamısı kişi idi. Yalnız iki qadın prezident qatili olmağa cəhd edib. Maraqlıdır ki, onların hər ikisi eyni adamı, 38-ci prezident Cerald Fordu öldürmək istəyiblər. Əgər Fordun prezident kreslosunda cəmi 29 ay 11 gün oturduğunu və iki qəsd arasında intervalın cəmi 17 gün olmasını nəzərə alsaq, lap mübhəm mənzərə alınar.

***

Əvvəllər vitse-prezident hər hansı səbəbdən vəzifəsini icra edə bilmədikdə və ya prezidentin yerinə keçdiyi halda yeni vitse-prezident təyin olunmurdu. Məsələn, Franklin Ruzvelt dördüncü prezidentlik müddətinin əvvəlində, 1945-ci il aprelin 12-də vəfat edib, yerini Harri Trumen tutanda vise-prezident vəzifəsi 4 ilə yaxın müddətdə boş qaldı.

Ancaq 1967-ci ildə qüvvəyə minən 25-ci Konstitusiya əlavəsi vitse-prezident vəzifəsi vakant olduğu halda prezidentin təqdimatı ilə Konqresin yeni vitse-prezident seçməsini nəzərdə tuturdu. Həmin əlavə çox yerinə düşdü, yoxsa cəmi 5-6 il sonra ABŞ-da baş verən proseslərin necə cərəyan edəcəyini söyləmək çətin olardı (yeri gəlmişkən, konspirologiya fanatları üçün yaxşı mövzudur).

ABŞ-ın fəaliyyətdə olan prezidenti Riçard Nikson və vitse-prezideti Spiro Aqnyu 1972-ci il seçkilərində böyük üstünlüklə qələbə qazandılar. Amma az sonra ölkəni siyasi böhran bürüdü. Nikson Uotergeyt qalmaqalında, Aqnyu isə 1960-cı illərdə Baltimor dairəsinin rəhbəri və Merilend qubernatoru olduğu dövrdə rüşvət almaqda ittiham olunurdu.

1973-cü il oktyabrın 10-da Spiro Aqnyu vəzifəsindən istefa verdi. Nikson Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının rəhbəri Cerald Fordun vitse-prezidentliyə namizədliyini Konqresə təqdim etdi. Senatın 27 noyabrda, Nümayəndələr Palatasının 6 dekabrda təsdiqindən sonra Ford ABŞ-ın 40-cı vitse-prezidenti oldu.

Uotergeyt qalmaqalının araşdırılmasına maneçilik törətməsi ilə bağlı ciddi faktların ortaya çıxmasından sonra Riçard Nikson 1974-cü il avqustun 9-da istefa verdi və Ford avtomatik 38-ci prezident oldu (vitse-prezidentliyə isə Nelson Rokfelleri təyin etdi). Beləcə, Ford heç bir seçkidə iştirak etmədən bir il ərzində konqresmendən prezidentliyə yüksəldi.

***
Linett Elis Fromm 1948-ci ildə Kaliforniya ştatındakı Santa Monika şəhərində anadan olub. 15 yaşı olanda ailəsi ilə həmin ştatın Redondo Biç şəhərinə köçüb. Elə bu yaşlarda alkoqoldan və narkotikdən istifadə etməyə başlayıb. Zor-bəla orta məktəbi bitirəndən sonra evdən gedib, bir neçə aydan sonra qayıdıb, kollecə daxil olub. İki ay oxuyandan sonra təhsili atıb və nəhayət atası tərəfindən evdən qovulub.

1967-ci ildə o, Çarlz Mensonla rastlaşır. Həbsdən yeni çıxan 32 yaşlı Menson “Ailə” adlandıracağı sektasını və icmasını yaratmaqla məşğul idi. Hippi ilə xristianlığın əcaib vəhdəti olan bu sektada azad seks təbliğ olunur, narkotiklərdən istifadə edilirdi. İlk vaxtlarda 10-15 nəfərdən ibarət olan icma Los Anceles yaxınlığında bir rançoda məskunlaşdı.

İcma üzvləri tezliklə cinayət yolunu tutdular. Belə cinayətlərdən ən məşhuru Hollivudun parlaq ulduzlarından biri olmağı vəd edən gənc aktrisa Şeron Teytin (rejissor Roman Polanskinin arvadı) və dörd qonağının 1969-cu il avqustun 8-də vəhşicəsinə öldürülməsi oldu. Cinayətlərin üstü açıldıqda Menson və digərləri həbs edildilər. İcma rəhbəri əvvəlcə edama məhkum olundu, sonra cəzası ömürlük həbslə əvəvzləndi. O, 2017-ci ildə həbsxanada öldü.

Linett Frommun bu cinayətlərin hansındasa əli yox idi və ya var idi, amma istintaq sübut edə bilmədi, hər halda azadlıqda qaldı və sərgərdan həyatına 1975-ci ilin sentyabrın 5-ə qədər davam etdi. Həmin gün Fordun Kaliforniyaya gəldiyini və Sakramento şəhərində Kapitoli binasında olacağını eşitdikdə M1911 tapançasını götürərək həmin yerə yollandı.

Onun prezidenti qətl etmək istəyinin motivi aydın deyil. Bir versiyaya görə, ekofəal olmuşdu və diqqəti sekvoya ağaclarının kəsilməsinə, atmosferin çirklənməsinin həmin ağaclara təsirinə yönəltmək istəyirdi. Digər versiyada isə Mensonu sevindirmək istədiyi deyilir.

Frommun tapançasının sandığında 4 güllə vardı. Ford onun lap yaxınlığndan keçəndə sol ayağına bağladığı qoburdan tapançanı çıxararaq əlini qaldırdı… amma atəş açılmadı. Patrondaşda güllə yox idi. Linett bunu etməyi unutmuşdu, yoxsa aksiyasını bir hədə kimi düşünmüşdü və prezidenti öldürmək fikri yox idi, bununla bağlı fikirlər haçalanır.

Elə qadının tətiyi basıb-basmaması, mühafizəçilərin müdaxiləsi üzündən basa bilməməsi – bunlarla bağlı da fərqli fikilər var. Cerald Fordun özü də Ağ Evdə lentə alınan və məhkəmədə nümayiş etdirilən şahid ifadəsində tapançanı gördüyünü, amma çaqqıltı eşitmədiyini deyirdi.

Hər halda, əlini qaldırandan bir an sonra Lennet Fromm mühafizəçilər tərəfindən yerə yıxıldı və zərərsizləşdirildi. Məhkəmə onun prezidenti öldürmək istəməsi qənaətinə gəldi və ömürlük həbsə məhkum etdi.

***
İndi olduğu kimi o zaman da Kaliforniya ABŞ-ın ən çox əhali yaşayan və seçkilərdə ən çox seçimçi verən ştatı idi. Ford bir il sonra keçiriləcək prezident seçkilərində bu ştatın önəmini anladığından ştata gəlmişkən maksimum görüşlər keçirmək və rəğbət qazanmaq istəyirdi. O, sentyabrın 22-də San Fransiskoda Beynəlxalq məsələlər üzrə Amerika şurasının toplantısında çıxış etdi və buradan çıxarkən yenə qəsdə uğradı. Cəhd edən yenə qadın idi.

***
Sara Ceyn Mur (qızlıq soyadı Kan) 1930-cu ildə Qərbi Virciniya ştatının Çarlston şəhərində alman kökənli ailədə anadan olub. Təxminən 45 yaşa qədər siyasətdən uzaq həyat sürür, beş dəfə ailə qurur, dörd uşağı olur. Mur soyadı da birinci ərindən qalma idi. Onun hətta Federal Təhqiqat Bürosuna (FBI) çuğulluq etdiyi söylənilir.

1974-cü ilin fevralında ABŞ-da haqqında ən çox danışılan hadisələrindən biri baş verdi. Simbionist Azadlıq Ordusu (Symbionese Liberation Army, SLA) adlı “yeni sol”çu təşkilat media maqnatı Uilyam Herstin nəvəsi Patrisiyanı oğurladı. Az sonra Patrisiya onu oğurlayanlara qoşularaq bir sıra cinayətlərdə iştirak etdi, bank soyğunu zamanı kameralara düşdü. Həbs edildikdə 35 il azadlıqdan məhrum edildi, sonra cəzası 7 ilə endirildi.

Bu hadisə nədənsə Sara Mura güclü təsir etdi və o da radikal solçuluğa yuvarlandı. 1975-ci ilin əvvəlində polis onu qanunsuz silah saxlamağa görə həbs etdi, revolveri və 113 gülləsi müsadirə olundu. Amma təhlükəsiz hesab edilib azadlığa buraxıldı.

Həmin il sentyabrın 22-də isə Sara səhər aldığı 38 kalibrli tapançasını götürüb Fordun Amerika şurası ilə görüşdüyü “St. Francis Hotel”in qarşısına gəldi. Təxminən saat 15:30-da hoteldən çıxan prezident Saradan 12 mertlik məsafədə olanda qadın atəş açdı. Amma o yeni aldığı silaha bələd deyildi və nişangahının dəqiq olmadığını bilmirdi. Güllə Fordun başının üstündən keşdi.

Sara Mur yenidən atəş açmaq istəyərkən kütlədən bir nəfər, Vyetnam müharibəsi veteranı Oliver Sippl mane oldu. Amma atəş yenə də açıldı və hotelin vestibülündə dayanan kənar şəxsi yaraladı. Tezliklə mühafizəçilər də özlərini yetirdilər və silahı aldılar.

Kaliforniya qadınlarının düşmən münasibətindən bir şey anlamayan Cerald Ford bu dəfə dərhal hava limanına aparıldı və Vaşinqtona qayıtdı. Sara Mur isə ömürlük azadlıqdan məhrum edildi.

***
Prezidentin həyatını xilas edən Oliver Sippl hadisənin əvvəlcə qəhrəmanına, sonra isə zərərçəkmişinə çevrildi. Belə ki, o, homoseksual idi. Bu fakt tam gizli deyildi, Sippl San Fransiskonun LQBT həyatında fəal iştirak edirdi. Amma öz təmayülünü valideynlərindən gizli saxlayrdı.

Ceral Forddan söz düşəndə “seçkidə qalib gəlmədən vitse-prezident və prezident vəzifələrini tutan yeganə şəxs” deyiilir. Amma bununla yanaşı “qadınların qəsdinə məruz qalan yeganə prezident” də deyilməlidir.


Homoseksuallar isə bu hadisədən öz xeyirlərinə yararlanmağa, barələrindəki stereotipləri dağıtmağa çalışdılar. Onlar hadisə qəhrəmanın gey olması barədə məlumatı Sippldən xəbərsiz mətbuata ötürdülər. Nəticədə valideynləri onunla danışmaqdan imtina etdilər.

Cerald Ford xilaskarına Vaşinqtondan təşəkkür məktubu göndərdi. Bir çoxları, xüsusən də LQBT nümayəndələri hesab edirdilər ki, əgər Sippl homoseksual olmasaydı, Ford təkcə məktubla kifayətlənməz, onu Ağ evə dəvət edərdi.

Veteran hərbçi bir neçə qəzeti “şəxsi həyata müdaxilə” iddiası ilə məhkəməyə verərək 15 milyon dollar həcmində təzminat tələb etdi. Amma ştat Apelyasiya məhkəməsi yekunda şikayəti təmin etmədi. Qərara görə, Sippl öz davranışı ilə xəbərə çevrilib və bu səbəbdən qəzetlərin onun cinsi təmayülündən yazmağa haqları vardı.

Mümkündür ki, məhz cinsi təmayülünün ictimailəşməsi, valideynlərinin reaksiyası səbəbindən Oliver Sippl alkoqolizmə yuvarlandı. O, Sara Mura mane olmasına görə tez-tez təəssüflənirdi. Nəticədə o, məqalədəki bütün personajlardan daha tez, 1989-cu ilin əvvəllərində 47 yaşında vəfat etdi.

***

Cerald Ford 1976-cı il seçkilərini Cimmi Karterə uduzdu. Kaliforniyada qalib gəlməsi və burada 45 seçimçi qazanmasının da xeyri olmadı. O, Ağ evi tərk edəndən 30 il sonra, 2006-cı il dekabrın 26-da vəfat etdi.

O vaxtdan 25-ci Konstitusiya əlavəsinin tətbiqinə ehtiyac yaranmayıb. Bütün prezidentlər və vitse-prezidentlər öz kadensiyalarını sona qədər icra ediblər. Buna görə də Ceral Forddan söz düşəndə “seçkidə qalib gəlmədən vitse-prezident və prezident vəzifələrini tutan yeganə şəxs” deyiilir. Amma bununla yanaşı “qadınların qəsdinə məruz qalan yeganə prezident” də deyilməlidir.

Linett Fromm və Sara Murun həbsxana həyatında da müəyyən oxşarlıqlar var. Fromm 1987-ci ildə həbsxanadan qaçdı, amma iki gün sonra tutuldu. 2009-cu ilin avqustunda şərti-azadlığa buraxıldı.

Sara Mur da həbsdən qaçdı. Özü də Linettdən daha əvvəl – 1979-cu ildə. Amma azadlıqda Frommdan da az, cəmi bir neçə saat oldu. O, şərti azadlığa da daha tez çıxdı: 2007-ci il dekabrın 31-də. Verdiyi müsahibələrin birində uğursuz qaçış cəhdi ilə bağlı “bilsəydim ki, belə tez tutacaqlar, elə ilk bara girib hamburger yeyər və içərdim” söylədi.

Həm Linett Fromm, həm Sara Ceyn Mur indi də həyatdadırlar.

Ana səhifəMənim FikrimcəCerald Ford – qadınların öldürmək istədiyi prezident