close

Almaniyalı professor: “İstanbulda hər an zəlzələ baş verə bilər”

İstanbul. Seqoya/shutterstock

Seysmoloq Hartmann isə deyib ki,  yaxınlaşan təhlükəni dərk etmək lazımdır

“6 fevral zəlzələsi İstanbul zəlzələsini gecikdirdi. Lakin bu, İstanbul üçün ağrılı bir ön xəbərdarlıqdır”.

Bu açıqamanı Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzinin (GFZ) professoru Marko Bohnhoff səsləndirib.

Marko Bohnhoff xəbərdarlıq edib ki, rəsmi rəqəmlərə görə 16 milyon insanın yaşadığı İstanbul üçün 7,4 bal gücündə zəlzələ gecikir: “Bu, hər an baş verə bilər”.

M.Bohnhoff Şimali Anadolu fay xəttinin İstanbula yaxın olması səbəbindən erkən xəbərdarlıq sistemlərinin etibarsız olduğunu bildirib.

Hannoverdəki Federal Geologiya Elmləri İnstitutundan seysmoloq Gernot Hartmann da oxşar açıqlama səsləndirib:

“Mövcud zəlzələlər İstanbulun zəlzələ riskini dəyişməyib, orada zəlzələ riski hələ də yüksəkdir”.

Ancaq İstanbul zəlzələsinin nə vaxt baş verə biləcəyini təxmin etməyin mümkün olmadığını xəbərdar edən Hartmann əlavə edib ki, zəlzələ yaxın gələcəkdə, hətta onilliklər sonra da baş verə bilər:

“Ona görə də yaxınlaşan təhlükəni dərk etmək lazımdır. İndidən hazırlaşmaq vacibdir”.

Xatırlatma

Fevralın 6-da Türkiyənin cənub şərqində 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 22 minə çatıb.

Ana səhifəDünyaAlmaniyalı professor: “İstanbulda hər an zəlzələ baş verə bilər”