close

Amerikalı aktyor və arvadının fondu Rusiyada  “arzuolunmaz” elan edilib

Rusiya Baş Prokurorluğu Foto: Wiki

Prokurorluq deyir ki, fond Rusiyanı gözdən salmağa çalışır

Amerikalı aktyor və rejissor Corc Kluni və arvadı vəkil Amal Kluninin hüquq-müdafiə fondunun (“Clooney Foundation for Justice”) fəaliyyəti Rusiyada “arzuolunmaz” elan edilib.

Bu barədə qərarın Rusiya Baş Prokurorluğu tərəfindən verildiyi bildirilir.

Qurumun məlumatında deyilir ki, fond Rusiyanı gözdən salmağa yönəlmiş işlərlə məşğuldur.

Baş Prokurorluğun iddiasına görə, təşkilat “ölkəni tərk etmiş yalançı vətənpərvərləri”, habelə qadağan olunmuş ekstremist birliklərin və terror təşkilatlarının üzvlərini dəstəkləyir.

“Humanitar ideyalar pərdəsi altında Madison prospektindən olan “ədalət uğrunda döyüşçülər” Rusiyanın ali rəhbərliyini cinayət məsuliyyətinə cəlb etmək təşəbbüslərini irəli sürür və xarici agentlər və QHT-lər haqqında Rusiya qanunvericiliyinə mənfi psevdoekspert qiymətləndirmələrini açıq şəkildə yayırlar”, – departamentin press-relizində deyilir.

Amal Kluni vəCorc Kluni. Foto: Reuters

“Clooney Foundation for Justice” 2016-cı ildə hüquqşünas Amal Kluni və onun əri, Hollivud aktyoru Corc Kluni tərəfindən təsis edilib.

Təşkilatın rəsmi məqsədi xüsusilə avtoritar ölkələrdə ədalət uğrunda mübarizə aparmaq və insan hüquqlarının pozulmasına görə məsuliyyət tələb etməkdir.

Fond dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir.

Rusiya 2022-ci ildə hərbi əməliyyatlara başlayandan sonra Kluninin fondu Ukraynadakı hərbi cinayətləri araşdırır.

Fond 2023-cü ildə rusiyalı hərbçilərin törətdikləri cinayətlə bağlı Almaniya prokurorluğuna ərizə verib.

Söhbət Ukrayna ərazisində raket zərbələrində, işgəncələrdə, edamlarda və zorlama hadisələrində iştirakçı olduğu ehtimal edilən iyirmiyədək orta və yüksək rütbəli komandirdən gedir.

Ana səhifəMədəniyyətAmerikalı aktyor və arvadının fondu Rusiyada  “arzuolunmaz” elan edilib