close

Amerikalı professorlar Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib

Qubad İbadoğlu. Foto: Meydan TV

“Onun qanunsuz həbsindən 250 gün ötür və Beynəlxalq Qızıl Xaçın onu ziyarət etməsinə imkan verilmir”

İyirmi iki nəfər amerikalı professor Qubad İbadoğlunun azad olunması ilə bağlı müraciət yayıb.

Onlar Qubad İbadoğlunun vaxtilə çalışdığı universitetlərdəki həmkarlarıdır.

“Duke University” və “University of North Carolina at Chapel Hill”-in professorları Qubad İbadoğlunun azadlığa buraxılmasına yardım etməsi üçün ABŞ Dövlət katibi Entoni Blinkenə müraciət ediblər.

Bildiriblər ki, həmkarları Qubad İbadoğlunun qanunsuz həbsindən 250 gün ötür, onun səhhətində problemlər var və Beynəlxalq Qızıl Xaçın onu ziyarət etməsinə imkan verilmir.

“Bütün beynəlxlaq təşkilatlar və hökumətlərin professorun azadlığa buraxılması və ona adekvat tibbi yardım göstərilməsi və ədalətli və şəffaf məhkəmə üçün hərəkətə keçməlidir. Bu müraciətə imza atmış hər kəsin vaxtilə universitetimizin professor olmuş, mühazirələr oxumuş, tədqiqiatlar aparmış Qubad İbadoğlu ilə bağlı gözəl xatirələri var. Bilirik ki, o, Azərbaycanda neft gəlirlərinin xalqın rifahı naminə şəffaf xərclənməsini tələb edən prinsipal adamdır. Biz onun tədqiqatları ilə fəxr edir və hazırda məruz qaldığı əzab-əziyyətlərə görə kədərlənirik”.

Müraciətdə ABŞ-lı alimlərin professor Qubad İbadoğlunun həbsdən azad olunması ilə bağlı dəfələrlə Azərbaycan hökumətinə çağırış etdikləri, lakin bunun nəticəsiz qaldığı da vurğulanır.

Qubad İbadoğlunun qardaşı Qalib Bayramov da onun səhhətinin yaxşı olmadığı, yüksək şəkər səbəbindən gözlərinin zəiflədiyi ilə bağlı açıqlama yayıb.

Bildirib ki, Azərbaycan hakimiyyətinin Qubad İbadoğlunun səhhəti ilə bağlı ailəsinə, beynəlxalq ictimaiyyətə söylədikləri həqiqəti əks etdirmir.

İqtisadçı Qubad İbadoğlu Azərbaycanda iyulun 24-də saxlanıb. Barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib, sonradan həbs müddəti artırılıb. Ona qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Ana səhifəSiyasətAmerikalı professorlar Qubad İbadoğlu ilə bağlı Blinkenə müraciət edib