close

Amerikalı senator da Qubad İbadoğlu ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış etdi

Ben Karden. Foto: “cardin.senate.gov”

Senator iqtisadçı saxlanılarkən onun xanımına göstərilən fiziki şiddətə də münasibət bildirib

Avqustun 24-də amerikalı senator Ben Karden rəsmi Bakını həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunu dərhal azadlığa buraxmağa çağırıb. Bu barədə senator Ben Karden “Twitter”də yazıb.

Müxalifət lideri və iqtisadçı Qubad İbadoğlunun siyasi motivli həbsi Azərbaycan hökumətinin ölkədə müstəqil səsləri dəhşətli şəkildə boğmasına diqqəti daha da artırır”,-deyə senator yazıb.

Senator paylaşımında iqtisadçı alimin və həyat yoldaşı İradə Bayramovanın saxlanılan zaman fiziki təzyiqə məruz qalmasına da münasibət bildirib:

“O, təkcə saxta cinayətlərdə ittiham olunmayıb, həm də özü və həyat yoldaşının həbsi zamanı şiddətli döyüldüyü və həbsdə olarkən ona tibbi yardım göstərilmədiyi barədə xəbərlər eşidirik. Mən onu dərhal azad etməyə çağırıram”.

screenshot


Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə əsas məruzəçisi Sunna Evarsdötrr (İslandiya) da Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb:

Qubad İbadoğlu Azərbaycan hakimiyyətini tənqid edən müstəqil iqtisadçı və siyasətçidir. Onun akademik tədqiqatlarının bir hissəsi Azərbaycanın dövlət qurumlarındakı korrupsiyaya həsr olunub. Cənab İbadoğlu 2023-cü ilin iyununda gənc azərbaycanlılar üçün təqaüd fondu təsis etmiş və bildirmişdi ki, fond korrupsiyaya bulaşmış Azərbaycan elitasının xaricdə müsadirə edilmiş pulları və könüllü ianələr hesabına maliyyələşəcək”.

Məruzəçi Sunna Evarsdötrr Qubad İbadoğlunun iyulun 23-də zorakılıqla saxlanılması və daha sonra həbs olunması ilə bağlı xəbərlərdən şoka düşdüyünü bildirib:

“O, mütəşəkkil qrup tərəfindən saxta pul hazırlamaq, əldə etmək və ya satmaqda ittiham olunur və günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir. Mən narahatam ki, ona qarşı ittihamlar onun fəallığından irəli gəlir və siyasi motivlidir. Cənab İbadoğlunun saxlanma şəraiti də böyük narahatlıq doğurur. Bu yaxınlarda ürək əməliyyatı keçirməsinə və çoxsaylı tibbi xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, Qubad İbadoğlunun adekvat qidaya çıxışı olmadığı və sürətlə arıqlaması ilə bağlı məlumatlar var. Onun həkimə müraciət edə bilməməsi ilə bağlı iddialar da məni çox narahat edir”.

Sunna Evarsdötrr. Foto: icelandmonitor.mbl.is

“Mən Azərbaycan hakimiyyətini cənab İbadoğlu üçün insani şəraiti, o cümlədən adekvat qida və tibbi yardıma çıxışını təmin etməyə çağırıram. Mən Azərbaycan hökumətini siyasi motivli ittihamların götürülməsi və onun dərhal azad edilməsi üçün lazım olan bütün addımları atmağa çağırıram”,-deyə məruzəçi fikrini bitirib.

Avqustun 8-də ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri Tom Lantos və İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit Azərbaycan Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırmışdı.

Eyni zamanda, senator Bob Menendes ABŞ Dövlət Departamentini Azərbaycan hökumətilə bütün əlaqələrdə İbadoğlunun azad edilməsini prioritet məsələ kimi qoymağa çağırıb.

Avqustun 9-da isə İşgəncə Əleyhinə Ümumdünya Təşkilatı, “Human Rights Watch” və “Human Rights House Foundation” da Qubad İbadoğlunun həbsindən, saxlanma və ağır həbs şəraitindən dərin narahatlıqlarını bildirən bəyanat yaymışdılar. 

Qubad İbadoğlunun həbsi

 Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur. Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb. Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur. Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətAmerikalı senator da Qubad İbadoğlu ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış etdi