close

Rusiyada blogerə qiyabi həbs cəzası kəsildi

Maksim Kats. Foto: Wiki

Prokuror Maksim Katsın internet saytlarını idarə etməsinə beş il qadağa qoyulmasını istəyib

Bloger,  müxalif siyasətçi Maksim Kats qiyabi olaraq 8 il həbs cəzasına məhkum edilib.

Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbər yaymaqda ittiham olunan Kats haqqında qərarı Moskvanın Basmannı Rayon Məhkəməsi verib.

Cinayət işi ona görə açılıb ki, 2022-ci il aprelin əvvəlində Kats “YouTube” kanalında Rusiyanın nəzarətində olan Ukraynanın Buça şəhərində dinc sakinlərin qətli ilə bağlı video yerləşdirib.

Dövlət ittihamçısı Katsa on il həbs, həmçinin internet saytlarının idarə edilməsinə beş il qadağa qoyulmasını istəyib.

Hakimin qərarı ilə Katsa 8 il qiyabi iş verilib. Həmçinin dörd il müddətinə internet resurslardan istifadə yasaqlanıb.

Basmannı Rayon Məhkəməsi. Foto: Telegram

Katsın vəkili Alan Qamazov məhkəmədə bildirib ki, müxalifətçi videonu yerləşdirdikdən sonra Müdafiə Nazirliyi Buçada baş verənlərlə bağlı öz versiyasını dərc edib. O, həmçinin şəhərin işğalı zamanı rus əsgərlərinin hərəkətlərinə dair beynəlxalq komissiyaların hesabatlarından sitat gətirib.

Müdafiə tərəfi məhkəmə qərarından apelyasiya şikayəti verəcəyini bildirib.

Maksim Kats Rusiyada deyil. 2022-ci ilin payızından axtarışa verilib, mart ayından isə siyasi baxışlarına görə qiyabi həbs edilib.

2022-ci il iyulun 22-də Rusiyanın Ədliyyə Nazirliyi Maksim Katsı “xarici agentlər” siyahısına daxil edib.

Ana səhifəDünyaRusiyada blogerə qiyabi həbs cəzası kəsildi