close

Anar Əsədli ev dustaqlığına buraxılıb

Anar Əsədli. Mənbə: “Facebook”

Nərimanov Rayon Məhkəməsi həbs qətimkan tədbirini dəyişib

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədli iyulun 5-də həbsdən buraxılıb. Onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığıyla əvəzlənib. Bu barədə Nərimanov Rayon Məhkəməsində qərar çıxarılıb.

Onun ev dustaqlığına buraxılması barədə məlumatı müdafiəçisi Hikmət Əliyev də təsdiqləyib.

Anar Əsədli aprelin 21-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla həbs olunub. Onun haqqında cinayət işinin istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gedir.

Anar Əsədli Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.

2022-ci ilin noyabrında Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması haqda məlumatlarla bağlı açıqlama yayan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirlmişdi ki, partiya rəhbərindən iki vətəndaş şikayətçi olub:

“Anar Əsədli yalan vədlər verərək, onların birindən 150 min, digərindən isə 10 min dollar pullarını alaraq mənimsəyib. Hər iki müraciətlə bağlı araşdırma aparılır”.

Bu cinayət işində zərərçəkmiş qismində adı hallanan şəxslər arasında mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov, Zəngilanın sabiq icra başçısı İlham Hüseynov və digərləri var.

Anar Əsədli dələduzluq ittihamını rədd edərək, kimsənin pulunu mənimsəmədiyini, baş verənlərin anlaşılmazlıq olduğunu bildirmişdi.

İyunun 23-də dövlət qeydiyyatına alınmış Azərbaycan Yüksəliş Partiyasının özünü buraxması haqda bəyanat yayılıb.

Ana səhifəSiyasətAnar Əsədli ev dustaqlığına buraxılıb