close

Zəngilanda saxlanıldığı deyilən ermənistanlı hərbçilər ittiham aktı ilə razılaşmırlar

Məhkəmə. Foto: Meydan TV

Məhkəmədə prokuror ittiham aktını elan edib

Mayın 26-da Azərbaycan-Ermənistan sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində saxlanılan Ermənistanın iki hərbçisi Karen Kazaryan və Arutyun Ovagimyanın işi üzrə məhkəmə araşdırmaları başlayıb. Onların işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində sədr Fəhmin Hümbətov, eləcə də məhkəmənin iki hakimi – Hafiz Əliyev və Aynur Rzayeva baxır.

34 yaşlı Arutyun Ovagimyan və 19 yaşll Karen Kazaryana qarşı qaçaqmalçılıq, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq, milli düşmənçilik salmaya yönəlik hərəkətlər və s. ittihamlar irəli sürülüb.

Dörd nəfər – Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Məhərrəmov və İbrahim Şıxlarov isə zərərçəkmiş qismində tanınıb. Onlar Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Təqsirləndirilən erməni hərbçilər məhkəmədə dövlət hesabına vəkil və Azərbaycan dilindən erməni dilinə və ya əksinə tərcüməçi ilə təmin olunub.

İyulun 5-də məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama əsasən, Arutyun Ovagimyan və Karen Kazaryan Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvləri olublar. Onlar Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə, sərhədi qanunsuz keçiblər.

Arutyun Ovagimyan və Karen Kazaryan həmçinin sərhədi keçərkən silah-sursat keçirməkdə və Azərbaycan ərazisində terror törətməyi planlaşdırmaqda ittiham olunur. İddia olunur ki, onlar saxlanılanda üstündən “Kalaşnikov” avtomatı, 10 patron və bir güllə darağı aşkarlanıb.

Lakin prokuror ittihamı elan etdikcə təqsirləndirilən şəxslər onun oxuduqlarıyla razı olmadıqlarını bildiriblər. Onlar deyib ki, ittiham aktında yazılanlarla razı deyillər. Tərcüməçi də deyilənləri hakimlərin nəzərinə çatdırıb.

Prosessual qaydalara görə, prokuror ittiham aktını elan edəndən sonra hakim ayrıca təqsirləndirilən şəxslərə müraciət etməli, onlardan özlərini təqsirli bilib-bilmədiklərini soruşmalıdır. Ardınca dindirmələr başlayır. Lakin məhkəmə prosesinə sədrlik edən hakim Fəhmin Hümbətov prokuror ittiham aktını elan edəndən dərhal sonra jurnalistlərin məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Erməni hərbçilərin məhkəməsi iyulun 6-da davam edəcək.

Ermənistan Müdafiə Nazirliyi saxlanılan hərbçilərin təxribat-diversiya qrupunun üzvləri olması, onların sərhəddə təxribata cəhd göstərməsi haqda Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edib:

“Ermənistan tərəfinin guya sərhədin cənub-şərq hissəsində təxribat törətməyə cəhd etməsi barədə Azərbaycan mətbuatında yayılan məlumatlar tamamilə yalandır və reallığa uyğun gəlmir”.

Ana səhifəSiyasətZəngilanda saxlanıldığı deyilən ermənistanlı hərbçilər ittiham aktı ilə razılaşmırlar