close

Arayik Arutyunyan oturaq aksiyanı dayandırdığını deyir

Arayik Arutyunyan. Foto: “news.am”

“Fövqəladə iş rejimində səylərimi davam etdirmək qərarına gəldim”

Azərbaycan ərazisindəki tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (erməni tərəf Artsax adlandırır) lideri Arayik Arutyunyan oturaq aksiyanı dayandırmaq qərarına gəlib. Amma o, yerli erməni icmasının aksiyanı davam etdirəcəyini bildirib.

Bu barədə Arayik Arutyunyan “Facebook” səhifəsində müraciət yayıb.

Onun sözlərinə görə, həm siyasi, həm də humanitar vasitələrdən istifadə etməklə Laçın dəhlizinin qarşısının alınması üçün təzyiqlər artmalıdır:

“Bu baxımdan, Artsax hakimiyyəti vəziyyətin inkişafı əsasında onları tətbiq etmək məqsədi ilə bütün mümkün ssenariləri və addımları müzakirə edir. Fövqəladə iş rejimində səylərimi davam etdirmək qərarına gəldim”.

Eyni zamanda, ümumxalq hərəkatı çərçivəsində digər soydaşlarımızın oturaq aksiyaları və digər tədbirlər də davam edir. Mən vaxtaşırı onlarla görüşüb, aksiyalarımızı birgə müzakirə edəcəyəm”, – deyə müraciətdə bildirilir.

O, iyulun 24-də keçirdiyi mətbuat konfransına 35 ölkədən 100-ə yaxın beynəlxalq və diaspor jurnalistinin, o cümlədən dünyanın ən qabaqcıl KİV nümayəndələrinin iştirak etdiyini qeyd edib.

“Ya Azərbaycan bu humanitar yardım üçün Laçın dəhlizini açacaq, ya da humanitar yüklərin fəlakət zonasına buraxılmasına başqa bir qadağa qoyması onun siyasətinin soyqırım mahiyyətini əlavə olaraq təsdiq edəcək”,– deyə Arayik Arutyunyan əlavə edib.

İyulun 17-də Xankəndinin mərkəzi meydanında Laçın yolunun açılması tələbi ilə aksiyalar keçirilir.

Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan bildirib ki, iyulun 26-da onlarla yük maşını Sünik vilayətinin Kornidzor şəhərinə 400 ton humanitar yardım aparacaq:

“Oradan Rusiya sülhməramlıları vasitəsilə 227 gündür blokadada olan Dağlıq Qarabağın əhalisinə humanitar yardımın çatdırılması planlaşdırılır”.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) iyulun 25-də Ermənistan tərəfindən təxribat hazırlandığı haqda açıqlama yaymışdı.

Bildirilir ki, iyulun 26-da Ermənistan tərəfdən “Laçın” buraxılış məntəqəsində növbəti təxribat aktı planlaşdırılır. DSX Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırıb:

“Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcək”.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşdə demişdi ki, bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddialar tamamilə əsassız olmaqla yanaşı, siyasi manipulyasiyadır:

Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu bildirilib. Bu məqsədlə, eyni zamanda Azərbaycan Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasının zəruri tədbir olduğunu diqqətə çatdırıb”.

Nazir həmçinin Ermənistanın iyunun 15-də keçid məntəqəsində təxribat törətdiyini xatırladaraq əlavə edib ki, hazırda, Azərbaycan erməni sakinlərin tibbi məqsədlər üçün keçidi təmin olunur.

C.Bayramov erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürüldüyünü də qeyd edib:

“Ancaq erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğu göstərir. Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə müdaxilə cəhdlərinə son qoyulması, mövcud olan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edir”.

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.
Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətArayik Arutyunyan oturaq aksiyanı dayandırdığını deyir