close

Milli Hematologiya və Transfuziologiya Mərkəzində əməliyyat-axtarış tədbirləri keçirib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi – Mənbə: Trend

Rüşvətlə hərbi xidmətdən yayınmaq istəyənlərə talassemiya daşıyıcısı olmaları haqda saxta rəy verildiyi iddia olunur

Milli Hematologiya və Transfuziologiya Mərkəzində rüşvətlə hərbi xidmətdən yayınmaq istəyənlərə talassemiya daşıyıcısı olmaları haqda saxta rəy verildiyi iddia olunur. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzində əməliyyat-axtarış tədbirləri keçirib.

İddiaya görə, hərbi xidmətdən yayınmaq məqsədilə Mərkəzdən saxta rəy almaq istəyənlərin qan nümunələri oradakı laboratoriyada dəyişilib. Onlara müəyyən vəsait müqabilində talassemiya daşıyıcısı olmaları haqda saxta nəticələr təqdim olunub. Həmin nəticələri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim ediblər.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Mərkəzdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Süleyman Qubadlı cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 32.3, 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə) maddələrilə ittiham irəli sürülüb.

O, həbs olunmayıb. İstintaq dövrü üçün onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Süleyman Qubadlının bu ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Ana səhifəSosialMilli Hematologiya və Transfuziologiya Mərkəzində əməliyyat-axtarış tədbirləri keçirib