close

Araz Əliyev: “Konkret şəxslərin əleyhinə məndən ifadə almaq istəyirdilər”

Foto: Araz Əliyevin şəxsi arxivindən

III Respublika Platformasının Qurucu Heyət üzvü həbsdən çıxdı

Yeni yaranan III Respublika Platformasının Qurucu Heyət üzvü, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Araz Əliyev 25 sutkalıq inzibati həbsdən sonra yanvarın 17-də axşam saatlarında azadlığa çıxıb.

Binəqədidə elə təcridxananın qarşısında jurnalistlərin suallarını cavablandıran Araz Əliyev bildirib ki, dekabrın 23-də saxlanılanda və avtomobildə polis bölməsinə aparılanda zorakılığa məruz qalıb. Sonrakı günlərdə ona qarşı şiddət olmayıb:

Zorakılıqla əlaqədar vəkilim prokurorluğa şikayət verib. Mən həbsdə olduğum müddətdə gəlib məndən izahat aldılar”.

Onun sözlərinə görə, saxlanılandan sonra ondan müəyyən şəxslərin əleyhinə ifadə almağa cəhd göstəriblər. Əks halda, aqibətinin yaxşı olmayacağıyla hədələyiblər:

Saxlanılanda kiminlə görüşə getdiyimi soruşdular. III Respublika Platformasının maliyyəsi, mənim rolum haqda çox suallar verdilər. Konkret şəxslərin əleyhinə məndən ifadə almaq istəyirdilər. Deyirdilər ki, onlarla razılaşsam, ertəsi gün məhkəmədə cərimə cəzasıyla buraxılacam. Yoxsa mənim üçün hər şey bitəcək. Açıq-aşkar şantaj tonunda danışırdılar, hədələyirdilər. Həbsimin əvvəlində mənimlə profilaktik söhbət də aparıldı. Deyirdilər ki, “niyə gedib qoşulmusan onlara” və s”.

Araz Əliyev deyir ki, onunla eyni kamerada saxlanılanların əksəriyyəti narkomaniyadan əziyyət çəkən şəxslər idi. Amma onlarla yola getməkdə problem yaşamayıb. Aralarında yazıb-oxumağı bacarmayanlar da olub:

Onlara oxuma-yazma öyrətməyə çalışırdım. Ümumiyyətlə, həbsdə olduğum müddətdə insanlarla, cəmiyyətlə bağlı çox şey öyrəndim”.

Araz Əliyev əlavə edib ki, saxlanılarkən elektron cihazları – kompüteri, telefonu götürülsə də, bu günə qədər qaytarılmayıb:

Elektron cihazlarımın harada olduğunu da bilmirəm”.

Eyni zamanda, NİDA Vətəndaş Hərəkatının üzvü olan Araz Əliyev ötən il dekabrın 23-də saxlanılıb. Bir gün sonra – dekabrın 24-də onun həyat yoldaşı Gülarə İsmayılova Daxili İşlər Nazirliyinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Əlində “Araz Əliyev hardadır?” yazılmış plakat tutan İsmayılova həyat yoldaşının yerini öyrənməyə çalışıb. Az sonra isə Araz Əliyevə 25 sutka inzibati həbs cəzası kəsilməsi barədə xəbər çıxıb.

Universitet müəllimi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb. İddia olunub ki, Araz Əliyev dekabrın 23-də axşam 21:30 radələrində küçədə gedəndə qışqıraraq söyüş söyüb. Polislər ondan intizamlı olmağı tələb etsələr də, tabe olmayıb. Bu üzdən saxlanılaraq, Nizami rayonu 24-cü polis bölməsinə aparılıb.

III Respublika Platforması bəyanat yayaraq, Araz Əliyevin siyasi motivlərlə həbs olduğunu bildirib.

Ötən il dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib. Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.

Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.

Platformanın şüarı belədir: “Tək Adama deyil, Hüquqa itaət edirik!”

Ana səhifəXəbərlərAraz Əliyev: “Konkret şəxslərin əleyhinə məndən ifadə almaq istəyirdilər”