“Onsuz da burada məhkəmə yoxdur, siz də hakim deyilsiz. Məhkəmə olanda gələrəm”
Bakı Apelyasiya Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında həbs qərarının ev dustaqlığıyla əvəzlənməsi üçün vəkillərinin verdiyi şikayətə baxılıb. Vəkillər bir müddət əvvəl bu barədə vəsatətlə Xətai Rayon Məhkəməsinə müraciət etsələr də, təmin olunmamışdı. Həmin qərardan apelyasiya şikayəti vermişdilər.
Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə sözügedən şikayətə baxılıb. Məhkəmədə qalmaqal yaşanıb.
Heç bir cinayət törətmədiyini, böhtanla həbs olunduğunu vurğulayan Tofiq Yaqublu ona qarşı şərləmə əməliyyatında iştirakı olan hər kəsin ünvanına kəskin ifadələr işlədib. Hakimlər onun məhkəmə zalından çıxarılmasına göstəriş verib.
“Onsuz da burada məhkəmə yoxdur, siz də hakim deyilsiz. Məhkəmə olanda gələrəm”, – Tofiq Yaqublu belə deyib.
Tofiq Yaqublunun vəkili Aqil Layıc müvəkkilinə qarşı ittihamın əsassız olduğunu, onun heç bir cinayət törətmədiyi halda həbsdə saxlandığını deyib. Vəkil əlavə edib ki, Tofiq Yaqublunu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. Onun istintaqdan yayınmaq niyyəti yoxdur, konkret yaşayış yeri məlumdur.
Lakin müstəntiq siyasətçinin ev dustaqlığına buraxılmasına etiraz edib. Deyib ki, onun həbsdən buraxılması istintaqın gedişinə mənfi təsir göstərə bilər.
Hakimlər də apelyasiya şikayətini təmin etməyib.
Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb və ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Tofiq Yaqublu xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu, atasını şərləmək məqsədilə müəyyən adamlardan istifadə olunduğunu bildirib:
“Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi bundan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluna pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.
İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.
Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.