close

Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb

Arif Hacılı və Orxan Hacılı. Foto: “Facebook”

Nemət Kərimli: “Qərar məhkəməyə təqdim etdiyimiz vəsatət əsasında çıxarıldı”

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbsdən buraxılıb.

Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədli dekabrın 19-da onun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

Orxan Hacılının vəkili Nemət Kərimli Meydan TV-yə deyib ki, bu qərar məhkəməyə təqdim etdikləri vəsatət əsasında çıxarılıb:

Biz Orxan Hacılı haqqında həbs qətimkan tədbirinin dəyişməsi üçün məhkəməyə vəsatət vermişdik. Göstərmişdik ki, istintaq müddətində onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. İstintaqdan yayınmayacaq, yaşayış yeri məlumdur, ittiham olunduğu əməl ağır cinayət deyil. Məhkəmə də vəsatəti təmin etdi və Orxan Hacılı barəsində həbs qətimkan tədbiri ev dustaqlığıyla əvəzləndi”.

Orxan Hacılı haqqında ev dustaqlığı qətimkan tədbirinin müddəti dekabrın 31-nə qədər müəyyənləşdirilib.

Orxan Hacılı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham olunur.

Bu maddələrdə cərimə və başqa alternativ cəzalarla yanaşı, 2 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Orxan Hacılı bu ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

O, həbs olunarkən atasının siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirmişdi. Elə vəkili də onun təqsirsiz olduğunu deyir:

Vəkil Nemət Kərimli
Foto: Nemət Kərimlinin şəxsi arxivindən

Hadisə yerinin videogörüntüləri sosial şəbəkələrdə və müxtəlif saytlarda yayılıb. Yayılan videoda da açıq şəkildə görünür ki, Orxan Hacılının idarə etdiyi avtomobilin qarşısına qəfildən, xəbərdarlıq işığını yandırmadan maşın çıxır və sola dönür. Bu zaman qəza baş verir”.

“Orxan Hacılı hadisədən sonra düşüb, orada ziyan dəyən avtomobillərin sürücülərilə görüşüb. Yəni hadisə yerindən qaçma ittihamının da heç bir əsası yoxdur. O görüntülərdə hadisə vaxtı kiminsə xəsarət aldığı da görünmür”, – deyə vəkil qeyd edib.

Müsavat başqanı Arif Hacılının özü də bu fikirdədir.

O bildirib ki, oğlu Müsavat Partiyasının üzvü olsa da, aktiv siyasi fəaliyyətlə məşğul deyildi.

Müsavat başqanı hesab edir ki, oğlu onun siyasi fəaliyyətinə görə həbs olunub.

Hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində – metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında baş verib.

Yayılan videoda görünür ki, Orxan Hacılının idarə etdiyi avtomobil onun önündə manevr edərək sola dönən başqa bir avtomobilə çırpılır.

Daha sonra zərbənin təsirindən yolun kənarında dayanmış başqa maşınlara dəyir.

Ana səhifəSiyasətArif Hacılının oğlu ev dustaqlığına buraxılıb