close

Əziz Orucova da qaçaqmalçılıq ittihamının verildiyi bildirilir

Əziz Orucov, foto: Meydan Tv

İşlə bağlı dindirilmələr aparılır

“Kanal 13” internet televiziyasının icraçı direktoru, bir aya yaxındır ki, həbsdə olan Əziz Orucova əlavə ittihamın verildiyi bildirilir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Bu maddədə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistin Almaniyada yaşayan qardaşı, “Kanal 13”ün təsisçisi Anar Orucov da belə bir ittihamın verilə biləcəyini qeyd etmişdi.

“Bu dəqiqlərdə Səbail Rayon Polis idarəsində Əziz Orucova qarşı yeni ittiham irəli sürülür. Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin verilməsi üçün hazırlıqlar görülür, dindirilmələr aparılır”, – Anar Orucovun sözləridir.

Vəkili Bəhruz Bayramov isə Meydan TV-yə deyib ki, hazırda Əziz Orucovun işi üzrə istintaq hərəkətləri keçirilir:

“Hazırda mən də istintaqdayam…”.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İnternet televiziyasının icraçı direktoruna qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham verilib.

İttihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.

Əziz Orucov isə bu ittihamın absurd olduğunu bildirib, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirib.

O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

Elə vəkili Bəhruz Bayramov da bu ittihamı əsassız sayır.

Bəhruz Bayramov
Foto: Bəhruz Bayramovun şəxsi arxivindən

Onun sözlərinə görə, Əziz Orucovun ev tikdiyi ərazidə 2000-ə yaxın tikili var. Həmin evlərin də icazə sənədləri yoxdur:

Bakıda və Abşeron yarımadasında icazəsiz tikilmiş 500 minə yaxın ev var. O zaman həmin evlərdə yaşayan yüzminlərlə adam həbs olunmalıdır? 1 il 7 ay ərzində tikinti gedən vaxtda bələdiyyə, dövlət orqanları hara baxırdı? Lap tutaq ki, qanunsuz ev tikməyə görə saxlanılır. O zaman evində sanki terrorçuymuş kimi axtarış axtarış nə idi?”.

İddia olunur ki, ev tikilən ərazidə yaşayan şəxslər Əziz Orucovdan şikayətçi olub.

Bəs o adamların ev tikmək üçün icazəsi olubmu? Onlar da sənədsiz evlərdə yaşayırsa, mülkiyyət hüquqlarını təsdiqləyən çıxarış yoxdursa, hansı əsasla bu adamların şikayətləri qəbul olunur?”, – vəkil əlavə edib.

Noyabrın 27-də axşam saat 18.00 radələrində Əziz Orucovun yaşadığı evdə, ardınca da “Kanal 13”ün ofisində axtarış aparılıb.

Əziz Orucov 2017-ci ilin mayında əvvəlcə 30 gün inzibati həbs cəzası almışdı.

Bu cəza bitdiyi gün – iyunun 1-də onun barəsində cinayət işi başlanmış, Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüşdü.

Ona bu ittihamlarla 6 il azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmənin qərarıyla 2018-ci ilin aprelində şərti cəza ilə həbsdən buraxılıb.

O zaman da Əziz Orucov ittihamları qəbul etmir, rəhbərlik etdiyi internet televiziyasının tənqidçi fəaliyyətinə görə cəzalandırıldığını bildirirdi.

Son bir ay ərzində Azərbaycanda çoxsaylı jurnalistlər həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, saytın layihə rəhbəri Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalist Nərgiz Absalamova, bir sıra internet televiziyaları ilə əməkdaşlıq edən reportyor Teymur Kərimov, “Kanal 13”ün aparıcısı Rüfət Muradlı da var.

Jurnalistlərlə yanaşı, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ictimai fəal Möhyəddin Orucov da son bir həftə ərzində həbs olunanlardandır.

Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Hafiz Babalı eyni cinayət işi üzrə həbs edilib və onlara qaçaqmalçılıq ittihamı verilib. Teymur Kərimov hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

Rüfət Muradlı isə polisə müqavimət ittihamıyla cəzalandırılıb.

Jurnalistlərin hamısı bu ittihamları rədd edir, sifarişlə həbs olunduqlarını deyirlər.

Ana səhifəSiyasətƏziz Orucova da qaçaqmalçılıq ittihamının verildiyi bildirilir