close

Asiya İnkişaf Bankı pandemiyadan sonrakı iqtisadi mənzərəni proqnozlaşdırıb

Foto: arxiv

Bank hesab edir ki, gələcək üçün risklər hələ də qalır

Asiya İnkişaf Bankı (AİB) 2023 və 2024-cü illərdə Asiya və Sakit Okean Hövzəsində 4,8 faiz iqtisadi artım proqnozlaşdırır.

Bankın bu barədə yaydığı hesabatda bildirilir ki, səbəb pandemiya məhdudiyyətlərinin yumşaldılması, nəticədə istehlak, turizm və investisiyalarda artıma nail olunmadır:

Sıfır COVID strategiyasından imtina edən Çin Xalq Respublikasının (ÇXR) yenidən açılması regionun inkişaf perspektivlərini canlandırır. Asiya və Sakit Okean regionunda yerləşən ölkələrin iqtisadiyyatı 2022-ci ildəki 4,2 faizlik artım tempinə nisbətdə yaxşılaşaraq bu il və gələn il 4,8 faiz böyüyəcək. ÇXR istisna olmaqla, Asiyanın inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın bu il 4,6, 2024-cü ildə isə 5,1 faiz artacağı gözlənilir”.

Asiya İnkişaf Bankı əlavə edir ki, ölkələrin iqtisadiyyatları arasında əhəmiyyətli fərq olsa da, regionda inflyasiya pandemiyadan əvvəlki səviyyələrə doğru tədricən azalacaq:

İstehlak və investisiyaların artması Rusiyanın Ukraynaya hücumu, eləcə də digər qlobal problemlər nəticəsində bahalaşan ərzaq və enerji qiymətlərinin təsirlərini kompensasiya edir. Bu isə öz növbəsində regionda bir çox ölkənin iqtisadiyyatı bərpa etmək imkanlarını artırır. Pandemiya məhdudiyyətləri daha da yumşaldıqca turizm və pul köçürmələri artmağa meyl göstərir. İqtisadiyyatı turizmdən asılı olan bir çox ölkələrdə turistlərin səfər sayı pandemiyadan əvvəlki səviyyə doğru yaxınlaşır”.

Hesabatda o da bildirilir ki, gələcək üçün risklər hələ də davam edir.

Rusiyanın Ukraynaya uzun müddətdir ki, davam edən hücumu əmtəə qiymətlərində və qlobal inflyasiyada yenidən artıma, eləcə də pul siyasətinin daha da sərtləşməsinə səbəb ola bilər:

Son on ildə və pandemiya zamanı borcun artması ilə birlikdə daha sərt qlobal maliyyə şərtləri maliyyə sabitliyi risklərini artırıb. Buna misal kimi ABŞ və Avropada bank sektorunda son dövrlərdə baş verən qarışıqlığı göstərə bilərik”.

Bank bildirir ki, bu risklər diqqətlə izlənilməli və mütəmadi şəkildə qarşısı alınmalıdır.

AİB-nin baş iqtisadçısı Albert Park qeyd edib ki, Asiya və Sakit Okean ölkələrinin iqtisadiyyatları üçün perspektivlər daha parlaqdır və pandemiyadan sonra normallaşmaya qayıtdığımız üçün onlar güclü şəkildə bərpaya hazırdır.

Onun sözlərinə görə, insanlar istirahət və iş məqsədilə yenidən səyahət etməyə başlayır, iqtisadi iqtisadi fəaliyyətlər sürətlənir:

“Bir çox problemlər davam etdiyinə görə, regiondakı hökumətlər ticarət, investisiya, məhsuldarlıq, həmçinin dayanıqlılığı təşviq etmək üçün daha güclü əməkdaşlıq və inteqrasiyanı dəstəkləyən siyasətlərə diqqət yetirməlidirlər”.

Çin ötən ilin dekabrında sıfır COVID strategiyasını ləğv edib.

2022-ci ildə 3,0 faiz olan ÇXR-nin iqtisadi artımının bu il 5,0 faiz, 2024-cü ildə isə 4,5 faiz olacağı gözlənilir.

Bankın hesablamalarına görə, Hindistan iqtisadiyyatı isə sağlam daxili tələbat hesabına bu il 6,4 faiz, gələn il 6,7 faiz böyüyəcək:

“Turizmdə canlanma və dayanıqlı daxili təlabat İndoneziya, Filippin və Vyetnam kimi Cənub-Şərqi Asiya ölkələrinin iqtisadiyyatını gücləndirir. Bu sub-regionun cari il 4,7%, 2024-cü ildə isə 5,0% böyüyəcəyi proqnozlaşdırılır”.

Hesabatda qeyd edilir ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində də sabit artım gözlənilir. Bu sub-regionda artımın 2023-cü ildə 4,4 faiz və 2024-cü ildə isə 4,6 faiz artacağı proqnozlaşdırılır.

Ölkələrin turistlər üçün sərhədləri yenidən açmağa davam etməsi və turizmin bərpası Sakit Okean regionunda artıma təkan verir və illik böyümənin 2023-cü ildə 3.3%, 2024-cü ildə isə 2,8% olacağı ehtimal olunur.

“Ötən il 4,4% olan regional inflyasiya bu il 4,2%, 2024-cü ildə isə 3,3% olması gözlənilir. Təchizat zəncirinə təzyiqlərin azalması, daha sərt monetar şərtlər, eləcə də azalmasına baxmayaraq hələ də baha olan əmtəə qiymətləri Asiyanın inkişaf etməkdə olan ölkələrində inflyasiyaya təsir edən amillər olması gözlənilir”, – məlumatda qeyd edilir.

Ana səhifəİqtisadiyyatAsiya İnkişaf Bankı pandemiyadan sonrakı iqtisadi mənzərəni proqnozlaşdırıb