close

AŞPA-da müzakirə: Azərbaycanda tənqidi səslər boğulur

Avropa Şurası Parlament Assambleyası. Foto: Leonid Andronov/shutterstock

Gerald Knaus: “”Media haqqında” yeni qanunla bu məsələlərin Azərbaycanda müzakirəsi daha da çətinləşib”

Strasburqda Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən “paralel tədbir”- də Azərbaycandakı siyasi məhbusların durumu müzakirə edilib

Hazırda həbsdə olan iqtisadçı Qubad İbadoğlunun vəziyyəti barədə danışılıb.

Dinləmələr Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bir sıra assambleya üzvlərilə birgə təşkilatçılığı ilə keçirilib.

Qubad İbadoğlunun işi barədə oğlu İbad Bayramov məlumat verib. Bildirib ki, atasına qarşı ittihamlar uydurmadır, istintaq prosesinə cəlb edilən şahidlərin verdiyi məlumatlar saxtadır: 

“Atamın səhhəti getdikcə pisləşir. Həbsxanada zəruri tibbi yardımı ala bilmir”.

İbad Bayramov deyib ki, Azərbaycanda saxta ittihamlarla həbs edilən təkcə Qubad İbadoğlu deyil. Hazırda ölkədə 200-dən çox siyasi məhbus var:

“Bu rəqəmlər davamlı olaraq artır və ölkədə bununla bağlı monitorinq aparacaq müstəqil təşkilat yoxdur. Çünki bu təşkilatlar ya ölkəni tərk edib, ya da onların fəaliyyəti qadağan edilib. Hazırda geniş spektri əhatə edən insanlar siyasi baxışlarına görə həbsdədir”, – o vurğulayıb.

Tədbirdə çıxış edənlər vurğulayıb ki, Qubad İbadoğlunun həbsi onun siyasi fəaliyyəti, korrupsiyaya dair araşdırmaları və siyasi hakimiyyətə tənqidi mövqe tutmasından irəli gəlir. Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin direktoru Gerald Knaus çıxışı zamanı deyib ki, Azərbaycanda siyasi məhbuslarla bağlı Kristof Ştrasserin hazırladığı hesabatdan 10 il keçməsinə baxmayaraq, siyasi məhbus problemi, siyasi motivli həbslər davam edir.

“Avropa Şurasının nizamnaməsi ölkələrin səmimi və effektiv şəkildə əməkdaşlıq etməli olduğunu deyir. Ancaq hələ də siyasi məhbusların uydurma ittihamlarla həbs edildiyini, tənqidi səslərin boğulduğunu görürük. “Media haqqında” yeni qanunla bu məsələlərin Azərbaycanda müzakirəsi daha da çətinləşib. “Siyasi partiyalar” haqqında yeni qanun isə siyasi partiyaların fəaliyyətini mümkünsüz edib. Buna baxmayaraq, çalmalı olan həyacan siqnalı hələ də çalmır”, – Gerald Knaus deyib.

AŞPA deputatları Piter Omçiqt, Ceremi Korbin və digər çıxışçılar Avropa Şurası orqanlarını Azərbaycanda siyasi məhbus problemi və ümumilikdə insan hüquqlarının vəziyyəti ilə bağlı daha effektiv addımlar atmağa çağırıb. Azərbaycan hakimiyyəti isə Qubad İbadoğluna lazımi tibbi yardımı təmin etməyə, onun dərhal azad edilməsi üçün zəruri addımları atmağa çağırılıb. Bundan əlavə, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı AŞPA-nın yenidən məruzəçi təyin etməsi ilə bağlı zərurətin olduğu vurğulanıb.

Ana səhifəSiyasətAŞPA-da müzakirə: Azərbaycanda tənqidi səslər boğulur