close

Gömrük əməkdaşı “Prius”lara görə məhkəmə qarşısında…

Məhkəmə. Foto: Meydan TV

Növbəti prosesdə prokuror təqsirləndirilən şəxsə iş istəyəcək

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılan Şahin İsgəndərov xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona qarşı rüşvətalma ittihamı irəli sürülüb.

İdarənin Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsində çalışmış 34 yaşlı Şahin İsgəndərov ölkəyə gətirilən avtomobillərə görə ödəniləsi rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almaqda təqsirləndirilir.

Cinayət işinin materiallarında iddia olunur ki, o, Sənan Əlişov adlı şəxsin Bakıya gətirdiyi 5 “Prius” və 1 “Mercedes” markalı avtomobili real alış qiymətindən aşağı qeydiyyata alıb. Nəticədə onların dövlət rüsumu da az hesablanıb.

İttihama əsasən, Şahin İsgəndərov bunun müqabilində avtomobilləri gətirən Sənan Əlişovun özündən rüşvət alıb.

Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham olunan Şahin İsgəndərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. O, məhkəmədə dindirilərkən deyib ki, özünü qismən təqsirli bilir.

Noyabrın 3-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror sabiq gömrükçüyə cəza istəyəcək. Onun ittiham olunduğu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Şahin İsgəndərovun vəkili deyir ki, onun valideynləri ağır xəstəlikdən əziyyət çəkir. Onlar təqsirləndirilən şəxsin himayəsindədir. Vəkil bu məqamın nəzərə alınmasını hakimlərdən xahiş edib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları yanvarda Şahin İsgəndərov saxlanılan zaman Şimal Ərazi Baş Gömrük İdarəsində də əməliyyat keçirərək Şirvan Gömrük Postunun əməkdaşı Cavid Məmmədovu saxlamışdı. O, postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almaqda ittiham olunurdu.

İddia olunurdu ki, Cavid Məmmədov müxtəlif adamların bəyan etmədən, qanunda nəzərdə tutulandan artıq pulu Rusiyaya keçirib aparmasına kömək edib, bunun müqabilində rüşvət alıb.

Ona qarşı da Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləriylə ittiham irəli sürülüb.

Ana səhifəXəbərlərGömrük əməkdaşı “Prius”lara görə məhkəmə qarşısında…